Sabahdan Azərbaycandakı final yarışlarına qatılacaq voleybol komandalarının üzvlərinə sadələşdirilmiş viza veriləcək

Sabahdan Azərbaycandakı final yarışlarına qatılacaq voleybol komandalarının üzvlərinə sadələşdirilmiş viza veriləcək
# 31 avqust 2017 09:28 (UTC +04:00)

Azərbaycanda keçiriləcək voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsi ilə əlaqədar sabahdan çempionatda iştirak edən komandaların üzvləri və nümayəndə heyətlərinə sadələşdirilmiş qaydada viza verilməsinə başlanacaq.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin “Voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurunun sadələşdirilməsi haqqında” 5 aprel 2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhərində və Göygöl rayonunda keçiriləcək voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycana gələn komandaların üzvləri və nümayəndə heyətləri sentyabrın 1-dən oktyabrın 10-dək Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə çempionat oyunlarına bilet əldə etmiş şəxslər isə sentyabrın 10-dan oktyabrın 5-dək viza almaq üçün müraciət edə bilərlər.


Qeyd edək ki, Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni və çempionat oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR