Azərbaycan və Serbiya XİN rəhbərləri arasında məktub mübadiləsi həyata keçirilib

Azərbaycan və Serbiya XİN rəhbərləri arasında məktub mübadiləsi həyata keçirilib
# 27 sentyabr 2017 09:33 (UTC +04:00)
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Serbiya Respublikasının xarici işlər naziri Ivitsa Daçiç arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 20 ilin Azərbaycan və Serbiya arasında siyasi, iqtisadi, elmi, mədəni və humanitar sahələrdə əlaqələrin davamlı inkişafı ilə əlamətdar olunduğunu qeyd edib. O, ötən illər ərzində Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı olaraq bir-birilərini dəstəklədiklərini deyib. Nazir Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında tezliklə həllinə dair Serbiyanın prinsipial mövqeyinə görə minnətdarlığını bildirib.

E. Məmmədyarov 2013-cü ilin 8 fevral tarixində iki ölkənin dövlət başçısı tərəfindən “Dostluq Münasibətləri və Strateji Əməkdaşlığa dair” bəyannamənin imzalanması ilə Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin yeni səviyyəyə keçdiyini vurğulayıb. Həmçinin, sözügedən bəyannamənin Azərbaycan-Serbiya əməkdaşlığının daha da genişlənməsi üçün yeni perspektivlər yaradacağını bildirərək, orada müəyyənləşdirilmiş məqsədlərin gələcək illərdə də müvəffəqiyyətlə reallaşdırılacağından əminliyin ifadə edib.

Serbiya xarici işlər naziri İvitsa Daçiç Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən müddət ərzində qardaşlıq və qarşılıqlı hörmət münasibətlərinin möhkəmləndirilməsilə yanaşı, iki ölkə arasında üzunmüddətli və sıx əməkdaşlıq üçün stabil əsas yaradıldığını vurğulayıb. Bu xüsusda nazir Serbiya və Azərbaycan arasında bərabərlik və qarşılıqlı inam prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin strateji tərəfdaşlığın yüksək pilləsində inkişaf etməsindən məmnunluğun ifadə edib. İ. Daçiç birgə səylər nəticəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etməkdə davam edəcəyinə ümidvar olduğunu bildirib.

Sonda serbiyalı nazir Serbiyanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına dair Azərbaycanın göstərdiyi prinsipial mövqeyə görə təşəkkürün ifadə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR