Türkiyədə Meral Akşenerin liderliyi ilə yeni siyasi partiya qurulub

Türkiyədə Meral Akşenerin liderliyi ilə yeni siyasi partiya qurulub
# 25 oktyabr 2017 08:57 (UTC +04:00)

Türkiyədə sabiq daxili işlər naziri, Böyük Millət Məclisinin keçmiş sədr müavini Meral Akşenerin başçılığı ilə yeni siyasi partiyanın qurulduğu elan olunub.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, M. Akşener bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinə gedərək partiyanın quruluş sənədlərini nazirliyin rəsmi şəxslərinə təqdim edib.

Yeni partiyanın adı “İyi Parti” (Yaxşı Partiya) olacaq. Partiyanın sloqanı belədir: “Türkiye iyi olacak”.

Yeni partiyanın qurucuları arasında müxtəlif ideoloji istiqamətləri təmsil edən tanınmış şəxslər var. Onların arasında keçmiş nazirlər Suat Çağlayan, Aydın Tümən, Ahat Andican, Abdülkadir Akçan, Ayfer Yılmaz, Türkiyə Jandarma Qüvvələrinin keçmiş komandan müavini, istefada olan general Əli Lapanta, 1996-cı ildə Türkiyə ilə Yunanıstanı müharibənin astanasına gətirən Egey dənizindəki kiçik Kardak adası ilə bağlı gərginlik zamanı adaya çıxaraq oraya türk bayrağı sancan Hərbi Dəniz Qüvvələrinin keçmiş xüsusi təyinatlısı, istefada olan polkovnik Əli Türkşən, Mərkəzi Bankın keçmiş müdiri Durmuş Yılmaz, Aşıq Veysəlin nəvəsi Çiğdəm Özər, eləcə də ilk gündən Meral Akşenerlə birlikdə partiya quruculuğunda iştirak edən millət vəkilləri Ümit Özdağ, Yusuf Halaçoğlu, vaxtilə MHP-nin liderlərindən biri olan Koray Aydın kimi tanımış simalar yer alıb.

Qurucular arasında daha bir maraqlı sima erməni əsilli türk millətçisi, İstanbulda quru təmizləmə işi ilə məşğul olan Elmas Giraqos adlı şəxsdir.

Meral Akşener 1956-cı il təvəllüdlüdür. İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirib. Marmara Universitetində doktorluq dərəcəsi alıb. Kocaeli Universitetində inqilab tarixi bölümünün rəhbəri vəzifəsində çalışıb. 1995-ci il parlament seçkilərində Doğru Yol Partiyasından millət vəkili seçilib. 1996-cı ildə Rifah Partiyası – DYP koalisiya hökumətində daxili işlər naziri vəzifəsini tutub. Türkiyə tarixinin ilk qadın daxili işlər naziridir. 2001-ci ildə MHP-yə qatılıb və 2007-ci il parlament seçkilərində bu partiyadan millət vəkili seçilib. TBMM başqan vəkili olub. MHP-də fövqəladə seçki qurultayı çağırılması təşəbbüsü göstərdikdən sonra partiyadan xaric edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR