Bakıda Azərbaycanda keçirilən mülkiyyət islahatları mövzusunda elmi-praktiki konfrans keçiriləcək

Bakıda Azərbaycanda keçirilən mülkiyyət islahatları mövzusunda elmi-praktiki konfrans keçiriləcək
# 16 mart 2013 11:40 (UTC +04:00)

Bakı – APA-Economics. «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı» çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi, digər dövlət orqanlarının nümayəndələrinin, alimlər, qeyri-hökumət, ictimai, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə mayın 3-də «Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları» mövzusunda elmi-praktiki konfrans təşkil ediləcək.


Əmlak Məsələləri Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyi tarixində milli ənənələrə söykənən iqtisadiyyatın yaradılması, ölkənin iqtisadi potensialının artırılması, azad sahibkarlar və mülkiyyətçilər təbəqəsinin formalaşmasında müstəsna rolu olan geniş miqyaslı mülkiyyət islahatlarının və dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsi istiqamətində atılan tarixi addımlar, qəbul edilən qərarlar, ardıcıl və səmərəli tədbirlərin sosial-iqtisadi aspektlərinin və onların nəticələrinin bir daha ictimaiyyətə çatdırılmasıdır.


Konfransda Heydər Əliyevin ölkə iqtisadiyyatının tənəzzülündən çıxarılması, uğurlu iqtisadi islahatların həyata keçirilməsi, onun bilavasitə təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən özəlləşdirmə siyasəti, müasir dövrdə bələdiyyə, dövlət və xüsusi mülkiyyət növlərinin qarşılıqlı fəaliyyəti, əmlak münasibətlərinin inkişafı, daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi və əmlak hüquqlarının səmərəli təminatı sahəsində qəbul edilən qərarlar, hüquqi və institusional mexanizmlər, həyata keçirilən islahatlar və onların nəticələrinə dair məruzə və çıxışlar dinləniləcək, geniş müzakirələr aparılacaq.


Elmi-praktiki konfransda dövlət qurumlarının, elmi tədqiqat idarələrinin, tədris müəssislərinin, vətəndaş cəmiyyətinin nümayəndələrinin, iqtisadçı alimlərin iştirakı, göstərilən mövzu ilə bağlı elmi məruzələr və təqdimatların keçirilməsi nəzərdə tutulur. Konfransın mövzusuna aid qısa filmin hazırlanması və nümayişi planlaşdırılır. Elmi-praktiki konfransın materiallarından ibarət xüsusi nəşr hazırlanacaq.


Elmi-praktiki konfransda iştirak etmək istəyənlər Əmlak Məsələləri Dövlət Komitəsinin www.emdk.gov.az internet səhifəsində qeydiyyatdan keçə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR