Ermənistan XİN: “İrəvan Ankara ilə hər-hansı formatda danışıqlar aparmır”

Ermənistan XİN: “İrəvan Ankara ilə hər-hansı formatda danışıqlar aparmır”
# 23 fevral 2013 23:44 (UTC +04:00)

“Ermənistan Türkiyə hər hansı formatda danışıqlar aparmır”. APA-nın məlumatına görə, bu barədə Ermənistan XİN mətbuat katibi Tiqran Balayan “News.am”ın ““Hurriyet Daily News” ”da Türkiyənin ATƏT-in Minsk Qrupuna yeni nəqliyyat dəhlizlərinin yaradılmasına dair kompleks layihə təqdim etdiyi barədə dərc olunan məlumat ilə bağlı sualını cavablandırarkən qeyd edib.

Qeyd olunan məqalədə bildirilir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində konkret inkişaf olacağı təqdirdə Ermənistana Avropanı Asiya ilə birləşdirəcək regional nəqliyyat layihələrində iştirak etməyi təklif edib. APA-nın xəbərinə görə, bu barədə “Hurriyet Daily News” məlumat yayıb. Diplomatik mənbələrdən qəzetə bildirilib ki, Türkiyə ATƏT-in Minsk Qrupunu fəallaşdırmaq istəyir: “Biz ötən ilin noyabrında Minsk Qrupuna nəqliyyat dəhlizlərinin yaradılmasına dair kompleks layihə təqdim etdik. Bu layihə Ermənistan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun boşaldılması istiqamətində hərəkətə keçdikdən sonra – sülh dövründə həyata keçirilməlidir. Biz Türkiyə ilə Ermənistan, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin tam, hərtərəfli normallaşdırılmasını təklif edirik”.

Türkiyə öz layihəsini Minsk Qrupu ölkələrinə ötən il noyabrın 8-də təqdim edib. Mənbə deyib ki, bütün ölkələr bu layihəyə müsbət yanaşıb: “Biz onlara izah etdik ki, bu layihə bütün tərəflərin maraqlarına uyğun sülh perspektivi yaradılmasına yönəlib”.

Layihə iki mərhələdən ibarətdir. Bir tərəfdən layihə istifadə olunmayan mövcud dəmir yollarının bərpası və yeni dəmir yollarının tikintisi vasitəsilə Türkiyə, Ermənistan, Azərbaycan və Rusiya arasında əlaqə qurulmasını nəzərdə tutur. Bakı-Tiflis-Qars dəmir yolunu tikintisi bu ilin sonuna qədər başa çatmalıdır, Türkiyə-Ermənistan dəmir yolunu isə müəyyən bərpa işlərindən sonra açmaq mümkündür.

Digər tərəfdən, dəmir yolu ilə yanaşı, gələcəkdə iki ölkə arasında ticarət həcminin yüksəldilməsi və insanların qarşılıqlı hərəkətini təmin etmək üçün müasir avtomobil yolunun salınması da planlaşdırılır. “Biz bu avtoyolların ətrafında yeni logistika mərkəzləri və yaşayış massivlərinin tikintisini də planlaşdırırıq. Layihənin yeganə məqsədi bütün ölkələrin marağına uyun olaraq xalqların rifahını təmin etmək üçün iqtisadi fəaliyyətin canlandırılmasıdır” – deyə mənbə əlavə edib.

Layihə region ölkələrinin Avropa və Asiya ilə əlaqəsinin qurulmasını da ehtiva edir. Türkiyədə həyata keçirilən “Marmaray” layihəsi, eləcə də Bakı-Tiflis-Qars layihəsi yekunlaşdıqdan sonra Londonla Pekin arasında nəqliyyat əlaqəsi mümkün olacaq. Bölgədə siyasi vəziyyətin normallaşması Ermənistanın da bu strateji mənzərədə yer almasına imkan verəcək.

“Hurriyet Daily News”a açıqlama verən mənbə Türkiyənin bu layihə barədə Azərbaycanı məlumatlandırdığını deyib. Azərbaycandakı mənbənin məsələyə reaksiyası isə belə olub: “Onlar bizim nə istədiyimizi bilirlər. Biz izah etdik ki, bu layihə yalnız Ermənistanın sülh istiqamətində atacağı addımlardan sonra həyata keçirilə bilər”.

Ermənistan isə hələlik layihəyə soyuq münasibət bəsləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR