Azərbaycanda dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artıb

Azərbaycanda dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artıb
# 07 may 2014 10:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Son illər ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi sahəsində göstərilən xidmət və qayğının nəticəsində Azərbaycanda ildən-ilə ailələrin sayı çoxalaraq hazırda iki milyona çatıb”.

APA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev və yeni cəmiyyət modeli” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, bu gün Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modeli kimi qiymətləndirilir. Onun sözlərinə görə, hazırda bu sahədə dövlət siyasətinin daha da təkmilləşdirilməsi üçün mühüm işlər görülür, “Azərbaycan Ailəsi Strategiyası”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının hazırlanması nəzərdə tutulur.

H. Hüseynova Azərbaycanda olan qadınların sayını da açıqlayıb. O bildirib ki, hazırda Azərbaycan əhalisinin ümumi sayının 50,3%-ni qadınlar təşkil edir: “Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28%-ə çatıb. Milli Məclisdə qadın deputatların sayı artır, hazırda ölkə parlamentində qadınların xüsusi çəkisi 16 faizdir. Parlament sədrinin 3 müavinindən biri qadındır. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artıb və onların xüsusi çəkisi 26,7% olub. Bələdiyyə sədrlərinin 17,7%-i, əksər icra hakimiyyəti başçısının müavinləri, qadındır. Daxili işlər orqanlarında orta və böyük rəis heyəti vəzifələrində 287, sıravi və kiçik rəis vəzifələrində 835 nəfər qadın xidmət göstərir. 52 nəfər hakimdir. Ədliyyə orqanlarında işləyənlərin 1055 nəfəri qadındır, rəhbər vəzifələrində çalışan qadınlar 80 nəfərdir. Diplomat qadınların da sayı artır. Elmin müxtəlif sahələrində fəaliyyət göstərən qadınların xüsusi çəkisi 50%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40%-i qadınlardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR