“DekaBank” birinci rübü zərərlə başa vurub

“DekaBank” birinci rübü zərərlə başa vurub
# 12 may 2014 09:06 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “DekaBank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 60,375 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,3% artaraq 53,479 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 13,089 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 9,9% azdır.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 14% artaraq 3,701 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 31,2% azalaraq 6,172 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 5,893 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 22% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 8% azalaraq 23,501 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməz qalaraq 23 mln. 985 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 48,7% artaraq 2,771 mln. manat, xərcləri isə təxminən 4,2 dəfə artaraq 4,091 mln. manata çatıb.

Cari ilin ilk üç ayını bank 1 mln. 320,08 min manatlıq ziyanla başa vurub.

Hazırda bankın ölkə üzrə 7 filialı, 3 bankomatı, 8 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR