Elşad İskəndərov: “Azərbaycanda müxtəlif dinlər və dini təriqətlərə məxsus insanlar mehriban şəraitdə bir yerdə yaşayırlar” - VİDEO

Elşad İskəndərov: “Azərbaycanda müxtəlif dinlər və dini təriqətlərə məxsus insanlar mehriban şəraitdə bir yerdə yaşayırlar” - <span style="color: red;">VİDEO
# 31 avqust 2013 10:12 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Bu gün Azərbaycan ərazisində müxtəlif dinlər və dini təriqətlərə məxsus insanlar mehriban şəraitdə bir yerdə yaşayırlar”.

APA - nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bu gün Bakıda keçirilən ASAİF-in XI Yay Forumunun “Azərbaycanın tolerantlıq mərkəzi kimi dünyaya təbliğ edilməsi” mövzusunda panel müzakirələri zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda tolerantlığın tarixi qədim dövrlərə gedib çıxır: “Bunun bir sıra səbəbi var. Əsas səbəblərdən biri Azərbaycanın böyük İpək yolunun üzərində yerləşməsidir. Uzun müddət böyük ipək yolunda yerləşən ölkələrin sakinləri mehriban şəraitdə bir yerdə yaşayıblar və ticarət əlaqələri aparıblar. Azərbaycanda tolerantlığın qədim tarixə malik olmasının digər başlıca səbəbi də Azərbaycan ərazisində müxtəlif dinlərin v dini təriqətlərin təşəkkül tapmasıdır”.

O qeyd edib ki, may ayında Azərbaycanda keçirilən böyük humanitar forum çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, BMT və UNESCO-nun birgə imzaladığı memorandum əsasında Milli Tolerantlıq Mərkəzi yaradılıb: “Bu mərkəzin fəaliyyəti Azərbaycanın tolerantlıq, multikulturalizm ənənələrini tədqiq etmək, xarici mütəxəssislər tərəfindən belə bir tədqiqatın aparılmasına şərait yaratmağa yönəlib. Artıq Mərkəzin ilk layihəsi həyata keçirilir. Bu il dünyanın aparıcı ekspert və bloqerlərindən ibarət bir heyət Azərbaycana gəlib və Dövlət Komitəsi tərəfindən hazırlanan tolerantlığın İpək yolu marşrutu ilə Azərbaycanın bir neçə bölgələrində olacaqlar. Eyni zamanda bu Mərkəzin nəzdində müxtəlif audio və videolar materiallar, disklər, təqdimatlar hazırlanıb, bir neçə kitabların hazırlanması planlaşdırılır. Bu il həm BMT-nin, həm UNESCO-nun baş qərargahlarında, eyni zamanda Avropa Parlamentində Azərbaycan tolerantlıq məkanı adlı foto-sərgi və konfransların da keçirilməsi planlaşdırır. Hesab edirəm ki, bu tədbirlər xaricdə həm təhsil alan gənclər üçün, həm diaspor təşkilatları üçün birləşmək və Azərbaycanı təqdim etmək üçün bir şəbəkə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR