AMEA Ədəbiyyat İnstitutu və Türkiyə Qafqaz Universitetlər Birliyi arasında anlaşma memorandumu imzalanıb

AMEA Ədəbiyyat İnstitutu və Türkiyə Qafqaz Universitetlər Birliyi arasında anlaşma memorandumu imzalanıb
# 21 yanvar 2014 16:56 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Macarıstan Elmlər Akademiyası (EA) Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georq Xazai və Türkiyə Qafqaz Universitetlər Birliyinin sədri, professor Ramazan Qorxmazla görüş keçirilib.

İnstitutun mətbuat xidmətinin rəhbəri Ağahüseyn Şükürovun APA-ya verdiyi məlumata görə, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli akademiyanın humanitar elmlər sahəsində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrində görülən işlərdən danışaraq, elmə ölkə rəhbərliyi tərəfindən göstərilən qayğını xüsusi vurğulayıb.

O, Ədəbiyyat İnstitutunun tarixi, inkişaf yolu, başlıca elmi istiqamətləri barədə qonaqlara məlumat verib, qarşılıqlı maraq doğuran fəaliyyət istiqamətlərindən danışıb, bu əlaqələrin ədəbiyyat elmi sahəsində ölkələrimiz arasındakı əməkdaşlıqda səmərə verəcəyini və böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Akademik Naxçıvan Muxtar Respublikasında keçirilmiş Türk dünya gənclər qurultayından sonra görülən işlərdən, Türkiyə və Macarıstanda elmi sferadakı görüşlərindən danışaraq ölkələrimiz arasında elmi əməkdaşlığın bundan sonra davam etdirilməsinin vacibliyini bildirmiş, böyük Azərbaycan mütəfəkkirlərinin, o cümlədən Cəlil Məmmədquluzadənin əsərlərinin macar dilinə tərcüməsi və digər məsələlərdən ətraflı bəhs etmişdir.

Macarıstan EA Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georq Xazai və Türkiyə Qafqaz Universitetlər Birliyinin sədri, professor Ramazan Qorxmaz Türkiyə, eləcə də Macarıstanla qurulmuş elmi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışaraq, yeni istiqamətlərdə fəaliyyət sahələrinin qurulmasının vacib olduğunu diqqətə çatdırıblar.

Görüşün sonunda AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Türkiyə Qafqaz Universitetlər Birliyi arasında anlaşma memorandumu imzalanıb. Əməkdaşlıq sazişini akademik İsa Həbibbəyli və professor Ramazan Qorxmaz imzalayıblar.

Qeyd edək ki, bu sənəd son üç ay ərzində Ədəbiyyat İnstitutunun bağladığı sayca dördüncü beynəlxalq müqavilədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR