Bakının şərq hissəsi fasiləsiz içməli su ilə təmin olunacaq - FOTO

Bakının şərq hissəsi fasiləsiz içməli su ilə təmin olunacaq - <span style="color: red;">FOTO
# 19 noyabr 2013 15:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı şəhərinin şərq hissəsinin içməli su ilə təchiz edən “+110 Şərq” anbar kompleksində hər birinin tutumu 12,5 min kubmetr olan 10 ədəd anbarın istismar vəziyyəti mütəxəssislər tərəfindən yoxlanılıb.

“Azərsu” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Bundan sonra anbar kompleksində işlərə başlanılıb.

İlkin olaraq anbarlar lil çöküntülərindən təmizlənib və ehtiyac olan yerlərdə təmir-bərpa işləri aparılıb, anbarların daxildən izolyasiyası və üst qatının təmiri işləri həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində anbarlara daxil olan borular da yenilənib, kəmərlərin üzərindəki siyirtmələr müasir tələblərə cavab verən yeniləri ilə əvəz olunub, anbarlardan nasos stansiyasına gedən 1400 mm diametrli kollektorlar tamamilə yenidən qurulub. Bununla da, istehlakçıları içməli su ilə təmin edən nasos stansiyasına ötürülən suyun həcmi artırılıb.

Məlumata görə, işlərə başlanandan indiyə qədər 4 anbarda əsaslı təmir işləri tam başa çatdırılıb və onlar istismara verilib. Hazırda digər 6 anbarda işlər davam etdirilir. Görülən işlərin nəticəsi olaraq anbardan qidalanan ərazilərdə 24 saatlıq su təchizatına keçməyə imkan yaranacaq.

Qeyd edək ki, Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən “+110 Şərq” su anbarı paytaxtın Xətai rayonunu, eləcə də Nizamı, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsini içməli su ilə təmin edir. Burada aparılan işlər Xətai, Suraxanı, Nizami və Sabunçu rayonlarında indiyə qədər qrafiklə su alan 220 mindən artıq insanın fasiləsiz rejimdə su almasına imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR