Gəncədə vətəndaş cəmiyyəti ilə dialoq və gənclər mövzusunda məsləhətləşmələr keçirilib - FOTO

Gəncədə vətəndaş cəmiyyəti ilə dialoq və gənclər mövzusunda məsləhətləşmələr keçirilib - <span style="color: red;">FOTO
# 23 iyun 2014 15:15 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. BMT-nin İnkişaf Proqramının (BMT İP), Gənclər və İdman Nazirliyinin və BMT-nin Əhali Fondunun (UNFPA) birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələrin ikinci mərhələsinin ilk müzakirəsi Gəncədə aparılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, “2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi. Vətəndaş cəmiyyəti ilə dialoq və gənclər” adı altında reallaşan tədbirin əsas müzakirəsi gənclər mövzusu olub.

QHT-lərin, gənclər təşkilatlarının, hökumət qurumlarının, media nümayəndələrinin, eləcə də fəal gənclərin iştirakı ilə keçirilən tədbirdə qeyd edilib ki, əsas məqsəd qazanılmış təcrübəni və ölkəmizin qarşısında duran məqsədləri nəzərə alaraq, məsləhətləşmələrdə müəyyən olunmuş prioritetlər üzrə Azərbaycan vətəndaşlarının fikrini öyrənmək və təkliflər almaqdır. Bildirilib ki, 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələr Azərbaycanda ötən ildən etibarən keçirilir. 2015-ci ildən sonrakı qlobal inkişaf çərçivəsi üzrə milli məsləhətləşmələr BMT sistemi tarixində ilk dəfə olaraq Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən, fərqli yaş və sosial qruplardan olan insanlar arasında aparılıb. Ölkənin bir çox bölgələrində keçirilən milli məsləhətləşmələr nəticəsində toplanmış təkliflər “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyada əks olunan milli prioritetlərə və BMT-nin 2016-2020-ci illəri əhatə edəcək proqramlaşdırma fəaliyyət sahələrinə uyğunlaşdırılıb. Tədbirdə həmçinin diqqətə çatdırılıb ki, həmin nəticələr 2013-cü il iyunun 21-də Bakıda BMT-nin təşkilatçılığı, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə “Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələrinin təsdiqi” mövzusunda keçirilən konfransda təqdim olunaraq nəzərdən keçirilib və təhlil edilib. Həmin konfrans fikir mübadiləsi aparmaq üçün bir platforma kimi istifadə olunub və iştirakçılar Azərbaycan xalqının 2015-ci ildən sonra görmək istədiyi dünya ilə bağlı təklifləri müzakirə ediblər. Gəncədə keçirilən ilk müzakirələrdə gənclər və müxtəlif qurumların nümayəndələri öz fikirlərini bölüşüb və təkliflərlə çıxış ediblər. Bu təkliflər milli məsləhətləşmələr üzrə yekun hesabata daxil ediləcək.

“Gənclərin daha geniş şəkildə qatıldığı bu milli məsləhətləşmələr bu ilin oktyabrında Azərbaycanda təşkil olunacaq gənclər təşkilatları üzrə qlobal konfransın işinə öz töhfəsini verəcək. Həmin forumda dünyanın müxtəlif ölkələrindən 700 nəfərdən nümayəndə, o cümlədən bir sıra dövlətlərin rəhbər xadimləri iştirak edəcəklər” - deyə BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk bildirib.

Toplantıdan sonra BMT nümayəndələri Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər.

Xatırladaq ki, Azərbaycanda BMT-nin İnkişaf Agentliyi milli məsləhətləşmələri ötən ildən aparır. Milli məsləhətləşmələr BMT-yə üzv olan bütün ölkələrdə müxtəlif mövzularda keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR