İran XİN rəhbəri və Ketrin Eşton arasında ilk görüşün yeri və tarixi məlum olub

İran XİN rəhbəri və Ketrin Eşton arasında ilk görüşün yeri və tarixi məlum olub
# 06 sentyabr 2013 13:39 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün səhər saatlarında İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında telefon danışığı olub.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Məhəmməd Cavad Zərif açıqlama verib.

Onun sözlərinə görə, telefon söhbəti zamanı tərəflər arasında ilk görüşün yeri və tarixi ilə bağlı razılaşma əldə olunub: “Görüşün ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyası çərçivəsində baş tutacaq”.

Nazir deyib ki, nüvə müzakirələrində irəliləyişin əldə olunması üçün qarşı tərəfin siyasi iradə göstərməsi lazımdır: “Biz İranın nüvə məsələsinin həllinə tərəfdarıq. K.Eştona da siyasi iradə ortaya qoyulacağı və İranın qanuni haqqına riayət ediləcəyi təqdirdə, buna cəhd göstərəcəyimizi dedim. Nüvə müzakirələri qarşılıqlı hörmət, ortaq mənbələr və bərabər mövzular çərçivəsində keçirilməlidir. Nüvə mövzusunda İran xalqının qanuni haqqına hörmət göstərilməsi lazımdır. Eyni zamanda beynəlxalq sahədə də narahatlıqların aradan qaldırılması İranın mənafeyinə uyğundur. Çünki İranın siyasəti nüvə silahına yiyələnməyə söykənməyib. Sadəcə, nüvə məsələsindəki mövcud anlaşılmazlıq aradan qaldırıldığı təqdirdə dünya ilə ortaq anlayış təmin edilə biləcək”.

İran XİN rəhbəri vurğulayıb ki, ölkəsinə qarşı zalım sanksiyalar tətbiq edilib: “İran xalqının haqqı təzyiq və sanksiyalarla yox edilə bilməz. İranın nüvə fəaliyyətləri dinc məqsədlərə yönəlib. Son prezident seçkiləri göstərdi ki, təzyiqlər İran xalqının iradəsinə təsir göstərməyəcək”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin aparılması ölkənin Xarici İşlər Nazirliyinə tapşırılıb. İran prezidenti Həsən Ruhani sentyabrın 5-də imzaladığı sərəncama əsasən, bundan sonra ölkənin nüvə məsələsinə görə İran Xarici İşlər Nazirliyi məsuliyyət daşıyacaq. Ancaq bu məsələdə lazımi koordinasiya işlərini həyata keçirmək hələ də İran Ali Milli Təhlükəsizlik Şurasının öhdəsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR