Şəmsiyyə Bəylərqızının işindən Ali Məhkəməyə müraciət edilib

Şəmsiyyə Bəylərqızının işindən Ali Məhkəməyə müraciət edilib
# 29 avqust 2013 09:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin şikayəti ilə həbs edilmiş Şəmsiyyə Bəylərqızının apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə ilkin baxış iclasının qərarı elan olunub. Qərara əsasən, proses məhkəmə istintaqı olmadan davam etdiriləcək. Həmin qərardan isə Ş. Bəylərqızının vəkilləri kassasiya şikayəti veriblər. Bunun üçün də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, ilkin baxış iclası zamanı vəkillər prosesin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət vermişdilər.

Qeyd edək ki, Şəmsiyyə Bəylərqızı sabiq İran səfiri ilə ailə qurduğunu və ondan oğlu olduğunu bildirsə də, Əfşar Süleymani qadının onun etimadından istifadə edərək pulunu mənimsədiyini iddia edir. Ş.Bəylərqızı ötən ilin iyul ayında Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Ə. Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib. Həmin şikayət əsasında Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Bəylərqızı 10 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR