Azərbaycan təmsilçilərinin Çempionlar Liqasında bütün rəqibləri müəyyənləşib

Azərbaycan təmsilçilərinin Çempionlar Liqasında bütün rəqibləri müəyyənləşib
# 03 iyun 2014 08:17 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Çempionlar Liqasının (ÇL) bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin son 2 mövsümündə 3 komanda ilə təmsil olunan Azərbaycan bu dəfə 2 klubla yarışa qatılacaq.

Belə ki, ÇL-də ölkəmizin idman şərəfini Super Liqanın qalibi “Rabitə” və finalçısı “Azəryol” qoruyacaq.

Düzdür, Azərbaycanın turnirdə 3 komanda ilə iştirak etmək şansı yüksək idi. Lakin “İqtisadçı”nın çətin günlərini yaşaması və “wild card” üçün sifariş belə verməməsi onların yeni mövsümdə iddialı olmayacağını bir daha ortaya qoyub.

Nəticədə yeni mövsümdə yalnız Rusiya və Türkiyə ÇL-ə 3 komanda ilə gedəcək. Hətta son illər daima yarışa 3 klubla qatılan İtaliyanın da bu dəfə 1 klubu ixtisara salınıb.

Beləliklə, ÇL-ə 12 ölkədən 20 komanda qatılacaq.

Bakı klublarının potensial rəqibləri “Agel” (Çexiya), “Salo” (Finlandiya), “Kann”, “Nant” (hər ikisi Fransa), “Dresdner” (Almaniya), “Pyaçentsa”, “Yamamay” (hər ikisi İtaliya), “Ximik”, “İmpel” (hər ikisi Polşa), “Stiinta” (Rumıniya), “Dinamo” (Kazan), “Dinamo” (Moskva), “Omiçka” (hər üçü Rusiya), “Partizan” (Serbiya), “Volero” (İsveçrə), “Vakıfbank”, “Fənərbaxça” və “Əczaçıbaşı” (hər üçü Türkiyə) klubları olacaq.

Bunlardan “Ximik”, “İmpel”, “Partizan” və “Salo” debütantdırlar. Finlandiya təmsilçisi “wild card”la ÇL-ə qatılmaq hüququ əldə edib ki, bu da yarışın 15 illik tarixində yeni ölkə hesab olunur.

Qeyd edək ki, ÇL-in püşkatması iyunun 27-də baş tutacaq və 20 komanda 5 qrupa bölünəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR