Ağ Ev bir daha İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb

Ağ Ev bir daha İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb
# 11 yanvar 2014 13:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ağ Ev bir daha İrana qarşı sanksiyaların sərtləşdirilməsinə qarşı çıxıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ağ Ev bununla bağlı yaydığı məlumatda sanksiyaların artırılmasının İranla aparılan siyasi müzakirələr prosesini dalana dirəyəcəyini bildirib.

Xəbərdə həmçinin ABŞ Konqresinin İrana qarşı sanksiyaların artırılmasını özündə ehtiva edən qanun layihəsi hazırlanması tənqid edilərək, bunun həm zaman, həm də rəsmi Vaşinqtonu çətinə salacağı baxımından anlaşılmasının mümkün olmadığı qeyd olunub.

Eyni zamanda Ağ Evin Milli Təhlükəsizlik Şurasının spikeri Bernard Mihan bildirib ki, ABŞ Konqresinin üzvləri ölkəni açıq şəkildə hərbi baxımdan çətin bir vəziyyətə sürükləmək istəyirlərsə, onda cəmiyyət qarşısında özləri ən öndə getməli və xalqa cavab verməlidirlər.

Qeyd edək ki, İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan “Nüvə silahlarından təmizlənmiş İran” adlı qanun layihəsini dəstəkləyən amerikalı senatorların sayı hazırda 77 nəfərə çatdığı bildirilir. Ağ Ev isə ötən il noyabrın 24-də Cenevrədə İranla “altılıq” ölkələri arasında nüvə sahəsində imzalanmış razılaşmaya uyğun olaraq 6 ay müddətində bu ölkəyə qarşı hər hansı bir yeni sanksiyanın qəbuluna veto qoyacağını açıqlayıb. Lakin hazırkı rəqəm ABŞ prezidenti Barak Obamanın veto hüququndan yararlana bilməsini mümkünsüz etdiyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR