Böyük Britaniya Avropada İranın da payı olan yeganə təbii qaz yatağından “mavi yanacaq” hasilatına qoyulmuş qadağanı ləğv edib

Böyük Britaniya Avropada İranın da payı olan yeganə təbii qaz yatağından “mavi yanacaq” hasilatına qoyulmuş qadağanı ləğv edib
# 23 oktyabr 2013 12:51 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropada İranın da payı olan yeganə təbii qaz yatağından “mavi yanacaq” hasilatına qoyulmuş qadağa ləğv edilib.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bununla belə rəsmi Tehran həmin yataqdan hələlik gəlir əldə edə bilməyəcək.

Belə ki, Böyük Britaniyanın Energetika Nazirliyi oktyabrın 22-də Şimal dənizində, Şotlandiyanın şimal sahilindən 370 kilometr məsafədə yerləşən və BP şirkəti ilə İran Milli Neft Şirkətinin hər birinin 50%-lik paya malik olduğu “Rum” qaz yatağından “mavi yanacaq” hasilatına qoyulmuş qadağanı aradan qaldırdığını açıqlayıb. Ancaq rəsmi London İranın enerji sektoruna tətbiq edilmiş sanksiyalar öz qüvvəsində qaldığından həmin yataqdan təbii qaz hasilatı nəticəsində hər hansı gəlir əldə olunacağı təqdirdə, İran Milli Neft Şirkətinin Böyük Britaniyadakı bank hesabına köçürüləcəyini, lakin bu hesabdan istifadə edilməsinin mümkün olmayacağını bildirib.

BP şirkəti isə oktyabrın 22-də “Rum” qaz yatağından “mavi yanacaq” hasilatına nə vaxt başlanacağının hələlik məlum olmadığını açıqlayıb.

Qeyd edək ki, Avropa Birliyi 2010-cu ilin oktyabrında İran şirkətlərinə, xüsusilə İran Milli Neft Şirkətinə qarşı sanksiya tətbiq etməsi səbəbindən böyük qaz yatağı qapadılıb. Yataqdan təbii qaz hasilatına isə 2005-ci ilin dekabrında başlanılıb. Bu yataqdan hasil olunan “mavi yanacaq” Böyük Britaniya ərazisində çıxarılan təbii qazın təxminən 4%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR