Xalq artisti Yalçın Rzazadə: “Hərdən düşünürəm ki, görəsən, mən sənətkaram, ya kartof satan?” - MÜSAHİBƏ

Xalq artisti Yalçın Rzazadə: “Hərdən düşünürəm ki, görəsən, mən sənətkaram, ya kartof satan?” - <span style="color: red;">MÜSAHİBƏ
# 25 dekabr 2013 11:52 (UTC +04:00)

“Qorxma, mən səninləyəm” filminin birincisində aktyorlar oynamışdı, ikinci filmdə isə aktyor görmədim”

Bakı. Cavid Zeynallı - APA. Xalq artisti Yalçın Rzazadənin APA-ya müsahibəsi

- Yalçın müəllim, necəsiniz? Səhhətinizdə problemlər yaranmışdı, indi özünüzü necə hiss edirsiniz?

- Vallah, desəm yaxşıyam, yalan olar. Özümü yaxşı hiss etmirəm. Son vaxtlar çox əsəbi olmuşam. Evdə də, işdə də tez-tez əsəbiləşirəm. Evdə bir söz deyilən kimi o dəqiqə hirslənirəm, sonra peşman oluram ki, axı mənə kim nə dedi? Təzyiqə görə gözümə qan dolub, qıpqırmızı idi, indi-indi bir az düzəlib. Bilirsiniz, belə şeylərə dözmək olar, amma mənəvi dayaq duymuram. Sənətkar diqqətsizlik görəndə, əsəbləri pozulur, özünü yaxşı hiss etmir.

- Kimdən dayaq görmürsünüz?

- Xalqdan, dinləyicilərdən həmişə böyük dayaq görmüşəm. Çalışıram maşını çox sürməyim, əsəbiləşirəm. Bu yaxınlarda işə gəlirdim, Statistika Komitəsinin yanında yol polisinin əməkdaşları maşınımı saxladılar. İki yoldaş yaxınlaşdı, dedim, qaydanı harada pozdum ki, məni saxladınız? Dedilər, Yalçın müəllim, heç nə etməmisiniz, sizi saxladıq ki, o kişi əlinizi bir sıxaq. Başıma elə bil tac qoydular. Ən çətin vaxtlarımda, sınmaq məqamında öz-özümə demişəm ki, şikayət etməyə, sınmağa, əyilməyə ixtiyarın yoxdur, çünki bu xalqın sevimlisisən. Bu gün də ayaq üstəyəm, çalışıram, yeni mahnılar hazırlayıram. Bu gün Azərbaycan mədəniyyətində, incəsənətində o qədər problem var ki, kənara çəkilməyə haqqım yoxdur.

Açığı, söhbət bilirsiniz nədən gedir? Xalq artistiyəm, professoram. Televizora baxıram, birinə “Şöhrət”, o birinə “Şərəf” ordeni, başqa birisinə ev verilir. Məni düz başa düşün, bunları demək istəməzdim, amma məcburam. Bu ordenləri, evləri alan adamların zəhməti mənim Azərbaycan mədəniyyəti üçün çəkdiyim əziyyətin heç on faizi də deyil. Mən Azərbaycan musiqisinə, geyiminə zövq gətirmişəm. Görün, kimlərlə eyni səhnədə çıxış etmişəm? Ev üçün bir neçə dəfə məktub da yazmışam. Bir dəfə evdə xəstə yatmışdım, dostlar bizə gəldilər. Soruşdular ki, Yalçın, sən bu evdə yaşayırsan? Dedim, bəs siz nə fikirləşirdiniz? Elə bilirdiniz, üçmərtəbəli villada yaşayıram? Nə isə, başa saldım ki, belə şeylərə fikir vermirəm, əlbəttə, bir az təmir lazımdır. Bilirsiniz, yenə ağlamaq kimi çıxır. Təmir etmək üçün də pul lazımdır. Dostlarım prezidentin saytına gördükləri vəziyyəti yazmışdılar. Məsələ Mədəniyyət və Turizm Nazirliyinə tapşırılmışdı. Nazirlikdə Sevda Məlikova adlı bir xanım var, demişdi, indiyə qədər Yalçına üç ev verilib, onu satıb, dördüncü evi də təmir edərək kirayəyə verib. Dostlarım cavab verib ki, axı biz gözümüzlə gördüyümüzü deyirik, o, çətin vəziyyətdə xəstə yatır. Həmin xanım nə desə, yaxşıdır: “Yox, siz bilmirsiniz”. Telefon nömrəsini mənə verdilər, zəng vurdum. Dedim, sizə ayıb deyil? Mən hansı evləri satmışam, hansını kirayəyə vermişəm? Üzrxahlıq elədi ki, Yalçın müəllim, mən belə eşitmişdim. Nazir Əbülfəs Qarayevə mənim böyük hörmətim var. Hər yerdə demişəm ki, o, nazir olandan sonra mədəniyyət sahəsində böyük irəliləyişlər oldu, yubileylər keçirilir. Bunu demək lazımdır. Səmimi qəlbdən deyirəm: prezident bilsə ki, ev şəraitim pisdir, bir yox, on ev verər. Amma ona gedib çatmır axı. Baxın, insanın içində nə qədər dözüm olmalıdır ki, belə təhqirlərə dözsün. Hərdən məndə şübhə yaranır: görəsən, mən sənətkaram, ya kartof satan? Sənətkara belə münasibət olar? Mənə üç dənə ev verəndə, yuxarıdakılar bilmirlər ki, verilib, ya yox?

- Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdirisiniz. Nə qədər maaş alırsınız?

- 500 manatdan bir az çox maaş alıram. Bilirsiniz, yaşayıram e, amma belə yaşamamalıyam. Sizi dəvət edirəm, gedək evimə baxın. Üç otaqlıdır, balkonu uçub-dağılıb. Otaqların döşəməsi çürükdür, üstünü örtmüşük ki, görünməsin. “Oboy”lar cırılıb sallanıb, hərdən “kley”lə yapışdırıram ki, qopub tökülməsin. Çox acınacaqlı vəziyyətdir. Başa düşmürəm, bu nə münasibətdir? Ədavətdir, düşmənçilikdir, nədir, bilmirəm.

- Musiqi sahəsində son vaxtlarda “Şöhrət” ordeni alan kimlər var?

- Açığını deyim, o adamların çoxunu tanımıram. Məsələn, 50 yaşında Mənsum İbrahimova “Şöhrət” verdilər. O, buna layiqdir. Amma mənim 30 yaşım oldu, tanımadılar, 50 oldu, yada düşmədim, 65 oldu, xatırlanmadım.

- Bəlkə 70 yaşınızı gözləyirlər? Üç il səbir etməyə gücünüz çatar?

- 70-ə qədər yaşamaq lazımdır. Ailəm məni tənqid edir ki, sən tələb etməlisən. Övladlarım deyirlər, zəmanə adamı deyilsən. Bəzi dostlarım məni qınayırlar ki, sənin şöhrətinin on faizi məndə olsaydı, nələr edərdim. Amma mənim sənətim oxumaqdır, mədəniyyətə xidmət etməkdir. Oğlum indiyə qədər işsizdir. Maaşımla, pensiyamla birtəhər dolanırıq. Yoldaşım da işləmir, bərk xəstədir.

- İstərdim, söhbətimizin mövzusunu dəyişək. Tələbələriniz necədir, ümidlərinizi doğruldurlar?

- Bəli, onların gələcəyinə böyük ümidim var. Türk qızı tələbəm var - Minə, çox gözəl oxuyur. Bir az əvvəl dərsdə elə gözəl oxudu ki, ağladım. Birinci kursda Zəka adında bir tələbəm yetişir, onun böyük gələcəyi var. Tələbələrimin içində istedadsızı olanda, üzlərinə deyirəm ki, səndən sənətçi olmayacaq. Bu gün televiziyada oxuyan adamların sayı 30-dan o yana deyil. Onların çoxu eyni səslə oxuyurlar, fərqli səs, ifa yoxdur.

- Kimdir onlar?

- Bilirsiniz, mən heç nədən çəkinmirəm. Amma öz səviyyəmi, şəxsiyyətimi qoruyub onların adlarını çəkmirəm. Səviyyəsi mənə yaxın olan adam olsa, deyərəm. Azər Zeynalova, İlqar Muradova qulaq asıram və zövq alıram.

- Yaxşı, onda adları mən çəkim. Səməd Səmədova, Elariz Məmmədoğluna qulaq asırsınız? Elarizi sənətkar adlandırdığınıza görə sizi tənqid etmişdilər...

- Səməd Səmədov bir vaxtlar özü deyirdi ki, müğənni deyil. İndi xalq artisti adı alıb. Səməd yaxşı dost ola bilər, görüşəndə qucaqlaşa bilərik, amma mən onun hansı səsinə, hansı mahnısına qulaq asım? Qaldı Elariz məsələsinə, o, klassik mahnılar oxudu, repertuarını dəyişdi və bu mənim xoşuma gəldi. Yəni öz üstündə işlədi, çalışdı, bir yerdə dayanmadı. Yaxud Nadir Qafarzadə son vaxtlarda “Füzuli” kantatasını oxudu və özünə görə pis oxumadı. Bir dəfə Flora Kərimova demişdi ki, Yalçından sonra onun mahnılarını oxumaq böyük riskdir, amma mən risk etdim. Kiminsə mahnısını oxuyanda, ya yaxşı oxumalısan, ya da bu işə baş vurmamalısan. Sənət təkrarsızlığı sevir. Bir dəfə televiziyada ana haqqında mahnı oxudum, aktrisalar ağladılar. Sonra mənə dedilər, Yalçın müəllim, siz bizə ziyan vurdunuz, makiyajımız silindi. (Gülür).

- Mütaliə ilə aranız necədir? Kitab oxuyursunuz?

- Açığını deyim, son vaxtlar oxumuram. Cek London, Fenimor Kuper mənim sevimli yazıçılarımdır. Sonuncu dəfə təkrar oxuduğum kitab “Sonuncu mogikan”dır. Müasir Azərbaycan ədəbiyyatından daha çox şeirləri oxuyuram. Cabir Novruz mənim dostum olub, Bəxtiyar Vahabzadənin, Fikrət Qocanın şeirlərinə yazılan mahnıları oxumuşam. Bu şairlərin yaradıcılığı mənə doğmadır. Həm də gözümə görə oxuya bilmirəm.

- Gənc Azərbaycan yazıçılarından kimi tanıyırsınız?

- Lap gəncləri soruşursunuzsa, heç kimi tanımıram. Anarı, Elçin Əfəndiyevi tanıyıram. Onlara böyük hörmətim var.

- Elçinin və Anarın əsərlərindən hansıları oxumusunuz? Hərəsinin bir əsərinin adını çəkə bilərsiniz?

- Yox, açığını deyim, əsərlərindən heç birini oxumamışam.

- Seriallara necə, baxırsınız?

- Yox, ümumiyyətlə, seriala baxmıram. Yoldaşım bizim seriallara baxır. Mən evə gələn kimi kanalı dəyişir. Televiziyalarda “şoka düşəcəksiniz” deyirlərsə, mən onun nəyinə baxmalıyam?

- Son illərdə çəkilən filmlərdən hansına baxmısınız?

- Heç birinə baxmamışam. Mən pafosu xoşlamıram. Bir də görürsən, beş vərəq nəsə yazıb, axırda məlum olmur ki, bu nə demək istəyib. Bu gün nə teatrda, nə kinoda, nə də ədəbiyyatda pafos zamanı deyil. Teatrda, kinoda olan aktyor oyunları mənim xoşuma gəlmir. “Qorxma, mən səninləyəm 1919” filminə axıra qədər baxa bilmədim. Polad Bülbüloğlunun oynadığı rolun adı nə idi, bilmirəm, mahnı oxuyur, bu da üzr istəyirəm, deyir, “sukinsın, kakoy qolos”... Bu nə deməkdir? Ümumiyyətlə, o nə oxumaqdır? Polad böyük sənətkardır, amma mənə də yox da, mən Müslümlə oxumuşam. O filmdə mən nəyə baxmalıydım ki? Heç nə məni cəlb eləmədi. Ümumiyyətlə, o filmdə obraz yox idi.

- Polad Bülbüloğlunun rolunu necə qiymətləndirdiniz?

- Heç necə. Noolsun? Orda obraz yox idi axı. Kinoya bir az baxıb, zaldan çıxdım. “Qorxma, mən səninləyəm” filminin birincisində aktyorlar oynamışdı, ikinci filmdə isə aktyor görmədim.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR