Abel Məhərrəmov: “Azərbaycanın ali təhsil müəssisələrində tam şəffaflıq yaranmayıb”

Abel Məhərrəmov: “Azərbaycanın ali təhsil müəssisələrində tam şəffaflıq yaranmayıb”
# 15 may 2013 16:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. “Azərbaycanda hər zaman psixoloji bir durum var ki, universitetə 100 tələbə daxil olursa, onun hamısı 4 ildən sonra universiteti bitirməlidir. Əslində isə bu düzgün fikir deyil”. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov APA-ya açıqlamasında deyib ki, dünyanın ən aparıcı universitetlərində 100 tələbədən yalnız 45-48 faizi ali məktəbi bitirir. Bakı Dövlət Universitetində isə bu rəqəm hazırda 70 faizə yaxındır.

Cəmiyyətin saflaşmalı olduğunu deyən rektor qeyd edib ki, dövlət imtahanı zamanı tələbə universitetdə aldığı biliklərinin nəticəsi kimi attestasiyadan keçirilir, buraxılış işi isə onun gələcək elmi müstəvidə formalaşması üçün şərait yaradır: “Tələbələr 4 il ərzində keçdiyi ana fənnin yekun qalıq biliyini vahid müstəviyə gətirmək üçün mütləq dövlət imtahanı verməlidir. Bu, universitetin vahid qərarıdır və neçə ildir öz bəhrəsini verir. BDU olaraq düşünürük ki, tələbələr diplom işi versə yaxşıdır. Çünki buraxılış işi tələbənin elmi müstəvidə olan attestasiyasıdır. Dövlət imtahanı üçün suallar tələbələrin minimum biliklərinə uyğun olaraq hazırlanır. Ona görə də heç təsadüfi deyil ki, yaxşı oxuyanlar imtahanı uğurla keçir. Amma təbii ki, yaxşı oxumayanlar bu asan sınaqdan keçə bilmirlər. Açıq danışmaq lazımdır ki, Azərbaycanın təhsil müəssisələrində tam şəffaflıq yaranmayıb və diplom işi rəhbərlə tələbə arasında olan münasibətdir. Buna çox da müdaxilə edilmir. Amma dövlət imtahanına ümumi nəzarət komissiyası tərəfindən nəzarət edilir”.

A. Məhərrəmov qeyd edib ki, bu gün bütün qurumlar ixtisaslı kadrlar axtarırlar: “Bu səbəbdən hər il dövlət qulluğunda işə qəbul olanların 80-85 faizi, Ədliyyə Nazirliyində işə qəbul olanların 90 faizi, Xarici İşlər Nazirliyində işə qəbul olanların isə 95 faizi Bakı Dövlət Universitetinin məzunudur. Magistraturaya qəbul zamanı da 85 faiz yerləri Bakı Dövlət Universitetinin tələbələri tutur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR