Gəncədə yaşayış binasının zirzəmisindən silah-sursat tapılıb

Gəncədə yaşayış binasının zirzəmisindən silah-sursat tapılıb
# 13 noyabr 2013 10:34 (UTC +04:00)

Gəncə. Aəzr Məmmədli – APA. Gəncə şəhər sakini yaşadığı binanın zirzəmisindən silah-sursat tapıb. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Nazim Nadirov yaşadığı, Heydər Əliyev prospekti 151 saylı binanın zirzəmisində təmizlik işləri apararkən, orada olan beton piltələrin altında yerə basdırılmış vəziyyətdə avtomat silah tapıb. Bu haqda dərhal Polis İdarəsinə məlumat verilib. Əraziyə gələn polis əməkdaşları zirzəmidə pencəyə bükülmüş, bir ədəd AK-74 markalı avtomat silah, 2 ədəd hər birinin içərisində 35 ədəd olmaqla 70 ədəd 5,45 kalibrli patron aşkarlayaraq götürüblər.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Başqa bir sursat isə Gəncənin Cavadxan küçəsində tapılıb. Gəncə şəhər Nizami rayon Polis İdarəsinə şəhərin Cavadxan küçəsində, Nizami kinoteatrının yaxınlığında qumbara olması barədə məlumat daxil olub. Əraziyə gələn polis əməkdaşları kinoteatrın yaxınlığındakı ağacların arasında bir ədəd F-1 əl qumbarası aşkarlayaraq götürüblər. Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR