Azərbaycanda əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilən taksilər istismara buraxılıb

Azərbaycanda əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilən taksilər istismara buraxılıb
# 08 aprel 2014 13:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda əlilliyi olan şəxslərin sosial infrastrukturdan, nəqliyyat, informasiya və rabitədən istifadəsinə şərait yaradılması istiqamətində həyata keçirilən işlər açıqlanıb.

APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) müsahibəsində bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə əlilliyi olan şəxslərə İKT-dən istifadə imkanlarının yaradılması üçün respublikanın artıq 3 bölgəsində Regional İnformasiya Mərkəzləri yaradılıb.

Onun sözlərinə görə, bu mərkəzlərdə əlilliyi olan şəxslərə Brayl əlifbası ilə nəşr olunmuş kitablar təqdim olunur, həmçinin nitq və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün filmlərin nümayiş olunduğu kinozallar, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunları otağı fəaliyyət göstərir: “Bu sahədə artıq hökumətin qətiyyətli mövqeyi var və əvvəllər yaradılmış infrastrukturun imkanlar daxilində əlilliyi olan şəxslərin istifadəsinə uyğunlaşdırılması ilə yanaşı, yeni istifadəyə verilən obyektlərdə bu məsələ nəzərə alınır və həllini tapır. Məsələn, 2012-ci ildə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi, “ADA” Universiteti, 2013-cü ilin yanvar ayında fəaliyyətə başlamış “ASAN Xidmət” Mərkəzləri əlilliyi olan şəxslərin istifadəsi üçün tam uyğundur”.

Nazir əlavə edib ki, yeni istismara verilən piyada keçidləri fiziki imkanları məhdud olan insanların fərdi hərəkət imkanlarını yüngülləşdirən qurğularla təchiz olunub. Onların hərəkət etmələrini və rahatlığını təmin etmək məqsədilə yerüstü nəqliyyatda bir sıra əhəmiyyətli işlərin görüldüyünü deyən S.Müslümov qeyd edib ki, dəmiryol stansiyalarındakı sərnişin platformalarının səthlərinin bərabər səviyyəyə gətirilməsi işləri davam etdirilir: “Avtobuslarda əlil şəxslər üçün xüsusi yerlər nəzərdə tutulub. Əlilliyi olan sərnişinlərin sərbəst daxil ola və enə bilməsi üçün müvafiq pnevmatik texniki vasitələr quraşdırılmış avtobusların idxalına artıq başlanılıb. Habelə əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilən müasir taksilər istismara buraxılıb. Təbii ki, bu istiqamətdə digər sahələrdə də ciddi işlərin aparılması əsas vəzifələrdəndir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsinə və “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsinə bununla bağlı xüsusi maddələr daxil edilib. Həmin maddələrdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların İKT-dən istifadəsi üçün şəraitin yaradılması, mövcud infrastruktur obyektlərinin, yaşayış binalarının, iş yerlərinin, mədəni-tamaşa müəssisələrinin və idman qurğularının həmin insanların istifadəsi üçün uyğunlaşdırılması və s. ifadə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR