Təhsil Nazirliyi ali məktəblərdə dərslik çatışmazlığı problemi barədə məlumat açıqlayıb

Təhsil Nazirliyi ali məktəblərdə dərslik çatışmazlığı problemi barədə məlumat açıqlayıb
# 01 noyabr 2013 09:10 (UTC +04:00)

“Tələbələrin dərsliklərlə təmin olunması məsələsi ali təhsil müəssisəsinin rəhbərliyinin vəzifəsidir”

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi ölkənin ali məktəblərində mövcud olan dərslik çatışmazlığı problemi barədə məlumat açıqlayıb. Nazirlikdən APA-ya verilən məlumatda bildirilib ki, ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq ixtisasın (ixtisaslaşmanın) tədris planı hazırlanır. Tədris planında göstərilən fənlər üzrə müvafiq sahələrə uyğun mütəxəssis alimlər tərəfindən ali təhsil müəssisələri tələbələri üçün dərsliklər hazırlanır, həmin dərsliklər aidiyyəti kafedralarda, fakültə elmi şuralarında müzakirə olunur, kənar rəylər alındıqdan sonra tədris müəssisəsinin rəhbərinin imzası ilə qrif (nəşr hüququ) alınması məqsədi ilə Təhsil Nazirliyinə təqdim olunur. Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının müvafiq bölməsinin müsbət qərarına əsasən dərsliyə qrif verilir. Ali təhsil müəssisələri tələbələri üçün dərsliklərin nəşri isə müəlliflərin vəsaiti və ya ali təhsil müəssisəsi hesabına aparılır. Təhsil Nazirliyi tərəfindən bu işə vəsait ayrılmır.

Eyni zamanda bildirilib ki, bu dərsliklərin yayılması ümumi qaydalarla həyata keçirilir və funksiyasına daxil olmadığına görə nazirlik bu işə nəzarət etmir. Təhsil Nazirliyi nə dövlət, nə də özəl ali təhsil müəssisələrində təhsil alan tələbələrin dərsliklərlə təmin olunmasına müdaxilə etmir. Tələbələrin dərsliklərlə təmin olunması məsələsi ali təhsil müəssisəsinin rəhbərliyinin vəzifəsidir. Bununla yanaşı, ali təhsil müəssisələrinin lisenziyalaşdırılması və akkreditasiyası zamanı Təhsil Nazirliyi tərəfindən digər meyarlarla yanaşı, “tələbələrin sayına görə dərsliklərlə təmin olunma” da meyar kimi nəzərə alınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR