I Bakı Beynəlxalq Turizm Filmləri Festivalına 38 ölkədən 140 rejissor tərəfindən 215 film təqdim olunub

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalına 38 ölkədən 140 rejissor tərəfindən 215 film təqdim olunub
# 20 noyabr 2013 16:49 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov, Beynəlxalq Festivallar Təşkilatının sədri Aleksandr Kammel, münsiflər heyətinin sədri Azər Qərib jurnalistlərə festival barəsində məlumat veriblər və onların suallarını cavablandırıblar.

Y. Şeyxov bildirib ki, festivala beynəlxalq səviyyədə maraq böyükdür: “Festivala dünyanın müxtəlif ölkələrindən filmlər təqdim olunub. Festivalla bağlı təxminən 7000 məktub daxil olub və bir o qədər də məktuba cavab verilib”.

Y. Şeyxov əlavə edib ki, bu ildən Azərbaycan Beynəlxalq Turizm Filmləri Festivalına üzv qəbul olunub.

Münsiflər heyətinin sədri A. Qərib deyib ki, turizm filmləri festivalları dünyanın müxtəlif ölkələrində keçirilsə də, azərbaycanlı rejissorların filmləri həmin festivallarda az təmsil olunur: “Belə festivallar müxtəlif ölkələrdə keçirilir. Təəssüf ki, dünyada keçirilən film festivallarına bizim filmlər az göndərilir: “İnanıram ki, azərbaycanlı rejissorlar bundan sonra beynəlxalq turizm filmləri festivalına maraq göstərəcəklər”.

A. Kammel Azərbaycanın təbiətinin, mətbəxinin gözəlliyini vurğulasa da, Azərbaycanda tətbiq olunan viza rejimindən narazılıq edib: “Sizin ölkənizdə viza problemi var. Və deyim ki, ümumiyyətlə, bu sistem çox mürəkkəbdir. Arzu edərdim ki, bu, sadələşdirilsin və turistlərin gediş-gəlişi asanlaşsın”.

A. Kammel festivalın keçirilməsini müsbət təşəbbüs kimi qiymətləndirib: “Biz komitə üzvü kimi qəbul olunan işləri qiymətləndirməyi həvəslə gözləyirik. Ümidvarıq ki, gözəl filmlər nümayiş olunacaq və azərbaycanlı tamaşaçılar bu filmlərə həvəslə baxacaqlar”.

Qeyd edək ki, 7 nominasiya üzrə keçirilən festivala ümumilikdə 38 ölkədən 140 rejissor tərəfindən 215 film təqdim olunub. Azərbaycandan 14 rejissor film təqdim edib. I yerə qızıl mükafat-diplom, 2000 avro, II yerə gümüş mükafat-diplom, III yerə isə bürünc mükafat-diplom veriləcək. Festivalın ən yaxşı filmi isə “Qran Pri” - diplom və 4000 avro pul mükafatı ilə mükafatlandırılacaq.

Qeyd edək ki, festivalın informasiya dəstəkçiləri arasında APA İnformasiya Agentliyi də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR