Penitensiar xidmət mətbuatda xidmətin fəaliyyəti ilə bağlı yazılanlara cavab verib

Penitensiar xidmət mətbuatda xidmətin fəaliyyəti ilə bağlı yazılanlara cavab verib
# 16 sentyabr 2013 12:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidməti bəzi mətbuat orqanlarında xidmətin fəaliyyəti ilə bağlı yayılan xəbərlərlə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda Mətbuat Şurası tərəfindən “Qara siyahı”ya daxil edilmiş bəzi nəşrlərin son günlər Penitensiar xidmətin fəaliyyətinə kölgə salmağa, həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ictimai fikri çaşdırmağa çalışdıqları qeyd edilib: “Həmin qəzetlərdə Penitensiar xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının fəaliyyəti, rəhbərlik və əməkdaşlar barəsində etik davranış qaydalarını pozan iftira dolu məqalələr dərc edilib. Bununla əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidməti aşağıdakıları nəzərə çatdırır:

“Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş dövlət proqramına uyğun olaraq penitensiar sistemin təkmilləşdirilməsi, beynəlxalq standartlara cavab verən cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının inşası, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların hüquq və qanuni mənafelərinin qorunması istiqamətində son illər ərzində ölkəmizdə mühüm tədbirlər həyata keçirilib.

2009-cu ildə inşası başa çatdırılaraq istifadəyə verilmiş Bakı İstintaq təcridxanası beynəlxalq ekspertlər, penitensiar sistemdə böyük təcrübəyə malik mütəxəssislər, burada saxlanılan həbs edilmiş şəxslər və onların yaxınları tərəfindən yüksək qiymətləndirilib. Təcridxanada təqsirləndirilən şəxslərin və məhkumların saxlanma şəraiti, bütün beynəlxalq normalara, bu sahəni tənzimləyən normativ sənədlərə tam cavab verir. Saxlanma həddi 2500 nəfər olan Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxslərin sayı 2000 nəfərdən aşağıdır və bütün kameralarda eyni şərait yaradılıb. Məhkumların təhlükəsizliyinin təmin olunması, qanunvericiliyə uyğun qaydada bir-birlərindən təcrid edilməsi məqsədilə onlar üçün nəzərdə tutulan gəzinti sahələri də saxlanıldıqları kameralara bitişikdir.

Təcridxanaya yeni qəbul edilmiş şəxslər “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” yeni qanuna əsasən maksimum 24 saat ərzində saxlanılır, tibbi müayinə və digər prosessual tədbirlər keçirildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş əsaslar nəzərə alınmaqla, kameralara yerləşdirilirlər.
Bəzi qəzetlərdə alınmış rüşvət hesabına mobil telefonların təqsirləndirilən şəxslərə ötürülməsi haqqında məlumatlara gəlincə isə onu qeyd etmək kifayət edər ki, cari ilin 9 ayı ərzində Bakı İstintaq təcridxanasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 200-dən yuxarı mobil telefon aşkar edilərək götürülüb, hər bir fakt üzrə cinayət işi başlanılıb və müvafiq araşdırmalar aparılır.

Yeni qanuna uyğun olaraq, təqsirləndirilən şəxslərin saxlanma şəraitində xeyli müsbət dəyişikliklər baş verib, onlara telefon danışıqları, televiziyaya baxmaq, idmanla məşğul olmaq, psixoloji yardım almaq, yaxın qohumları və qanuni maraq doğuran digər şəxslərlə görüşmək hüquqları verilib” .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR