Abbas Əraqçı: “İranla ABŞ arasında müxtəlif mövzularda məsafələr var”

Abbas Əraqçı: “İranla ABŞ arasında müxtəlif mövzularda məsafələr var”
# 11 iyun 2014 13:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri çətin və mürəkkəb mərhələyə daxil olduğu üçün ikitərəfli danışıqların aparılması zəruridir”.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, ABŞ-la müzakirələr müsbət olsa da, ancaq buna baxmayaraq bütün sahələrdə ixtilaflar davam edir: “Görüşlər çətin olsa da, müsbət havada keçdi. Vyana müzakirələri ərəfəsində hər iki ölkənin nümayəndə heyətləri arasında faydalı görüş oldu. Mövcud anlaşılmazlıqlar hələ də davam edir və məsləhətləşmələr sürəcək. İranla ABŞ arasında müxtəlif mövzularda məsafələr var. Uzun bir yolda məqsəd ixtilafların aradan qaldırılmasıdır. Tərəflər də öz mövqelərini nümayiş etdirirlər. Məqsəd 6 aylıq müddət başa çatmadan və müddətin artırılmasına ehtiyac duyulmadan nəticə əldə etməkdir”.

Qeyd edək ki, iyunun 9-10-da Cenevrədə İran və ABŞ nümayəndə heyətləri arasında nüvə müzakirələri keçirilib. Bu gün Cenevrədə İranla Fransa arasında ikitərəfli nüvə müzakirələri keçirilir. Bundan əlavə, iyunun 12-də Romada Rusiya, iyunun 15-də isə Tehranda İranla Almaniya arasında ikitərəfli nüvə müzakirələri baş tutacaq. İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri yekun nüvə razılaşmasının mətninin yazılması məqsədilə iyunun 16-20-da Vyanada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR