Azərbaycanda istehlakçılara göndərilən neft məhsullarının həcmi 7% azalıb

Azərbaycanda istehlakçılara göndərilən neft məhsullarının həcmi 7% azalıb
# 22 mart 2014 10:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçılara 1009,5 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8% az neft məhsulları (ixrac da daxil olmaqla) göndərilib.


APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, göndərilmiş neft məhsullarının 33,5%-ni dizel yanacağı, 19,1%-ni avtomobil benzini, 9,4%-ni aviasiya üçün ağ neft, 6,2%-ni mazut yanacağı, 4,8%-ni neft koksu, 4,1%-ni neft bitumu, 3,2%-ni maye qaz, 2,6%-ni nafta, 0,3%-ni sürtgü yağları, 16,8%-ni isə digər məhsullar təşkil edib.


Bu ilin ilk iki ayında neft məhsullarının 71,4%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 28,6%-i isə ixrac olunub.


Ölkə istehlakçılarına 721,1 min ton, yaxud əvvəlki ilin yanvar-fevral aylarına nisbətən 6,7% az neft emalı məhsulları göndərilib.


Bu ilin 2 ayında daxili bazarın tələbatına 192,8 min ton avtomobil benzini göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% azdır. Bu müddət ərzində istehlakçılara göndərilən dizel yanacağının həcmi 1,5% azalaraq 173,6 min ton olub.


Aviasiya üçün ağ neftin həcmi 4% azalaraq 71,9 min ton, neft bitumunun həcmi 3,8% azalaraq 41,0 min ton, sürtgü yağlarının həcmi 6,3% azalaraq 1,0 min ton, digər neft məhsullarının həcmi isə 21,4% azalaraq 147,6 min ton təşkil edib.


Bu ilin yanvar-fevral aylarında istehlakçılara göndərilən mazut yanacağının həcmi 67,3% artaraq 62,9 min ton, maye qazın həcmi isə 9,4% artaraq 30,3 min ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR