AMEA Fəlsəfə və Hüquq İnstitutu ilə İtaliyanın Genuya Universiteti arasında memorandum imzalanıb

AMEA Fəlsəfə və Hüquq İnstitutu ilə İtaliyanın Genuya Universiteti arasında memorandum imzalanıb
# 24 aprel 2014 16:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutu ilə İtaliyanın Genuya Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə memorandumun azərbaycanlı və italiyalı alimlər arasında elmi əlaqələrin genişləndirilməsinə müsbət təsir göstərəcəyini bildirib.

Onun sözlərinə görə, İtaliyanın Genuya Universiteti ilə əməkdaşlığın qurulmasında əsas məqsəd beynəlxalq konfranslar, simpoziumlar keçirməklə, azərbaycanlı və italiyalı alimlərin fikir mübadiləsini təmin etmək, hər iki müəssisə üçün maraqlı olacaq təhsil proqramlarının sənədləri, elmi araşdırmalar haqqında məlumat verməkdir: “Genuyada təhsil almağı, təcrübə keçməyi planlaşdıran doktorantların seminar və təlimlərdə iştirakını, qısamüddətli səfərlərini təşkil etməyi düşünürük. Yaxın gələcəkdə İtaliyanın Venesiya Universiteti ilə belə bir memorandumun imzalanacağı da gözlənilir”.

İtaliyanın Genuya Universitetinin vitse-prezidenti Mişel Marsone isə hazırda ali məktəbdə təhsil alanlar arasında azərbaycanlı tələbələrin azlıq təşkil etdiyini və humanitar elmlər sahəsində əlaqələrin genişləndirilməsinə ümid etdiyini söyləyib: “Genuya Universiteti İtaliyanın ən qədim universitetlərdən biridir. Hazırda ali məktəbdə 3000-ə yaxın xarici tələbə təhsil alır. Azərbaycanlılarla müqayisədə, Çin, Rusiya, Cənubi Amerika və digər ölkələrdən gələn tələbələr daha çoxdur. Memorandumun imzalanmasının bu əlaqələrin genişləndirilməsi üçün bir addım olduğunu düşünürəm”.

Daha sonra M.Marsone İ.Məmmədzadəyə Genuya Universitetinin simvolu, üzərində Xristofor Kolumbun gəmisinin yelkəni olan medalı təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR