Maykl Mann: “Biz İrana heç bir yeni təklif verməmişik”

Maykl Mann: “Biz İrana heç bir yeni təklif verməmişik”
# 10 sentyabr 2013 07:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Altılıq ölkələri uranın zənginləşdirilməsini dayandırması üçün İrana heç bir yeni təklif verməyib”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib.

Onun sözlərinə görə, bu cür xəbərlər tamamilə yalandır: “Biz İranla eyni təklifləri müzakirə edirik və sonuncu dəfə də Qazaxıstanın Almatı şəhərində həmin təkliflər ətrafında fikir mübadiləsi aparmışıq. Ümumiyyətlə, biz həmin yerdə son təkliflərlə bağlı müzakirələr aparmağa qərar vermişik”.

M.Mann deyib ki, ümumi maraqlar İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin tezliklə bərpa ediləcəyindən xəbər verir: “Ancaq bunun Nyu-Yorkda baş verəcəyini demək tezdir. Sadəcə, İranla tezliklə müzakirələrə başlayacağımız məlumdur. Lakin indiyədək İran tərəfindən danışıqları aparacaq əsas vasitəçinin kim olacağı məlum deyil. Bununla belə, biz İranla nüvə müzakirələrinin tezliklə başlamasına meylliyik. Ancaq biz növbəti addımın nə olacağını deyə bilmərik”.

Sözçü İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun Nyu-Yorkda keçirəcəkləri ikitərəfli görüşdən gözləntiləri olduğunu vurğulayıb: “Həmin görüşdə İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinin yeri və vaxtının müəyyənləşdiriləcəyinə ümid edirik. Biz danışıqların tezliklə başlanmasını istəyirik. Əgər iranlılar buna meylli olsalar, çox yaxşı olar. Hər halda, ikitərəfli dialoqa nə baş verəcəyini gözləməyimiz daha yaxşı olardı”.

M.Mann bildirib ki, artıq İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrini aparmaq məsuliyyəti ölkə Xarici İşlər Nazirliyinin rəhbərliyinin üzərinə qoyulub: “İndi biz İran hökumətinin nə cür danışıqlar aparmaq istədiyini bilmirik. Yəni İran tərəfindən “altılıq” ölkələri ilə nüvə müzakirələrinə məsul yalnız Zərif özü olacaq, yoxsa başqa şəxslər də danışıqlar prosesində iştirak edəcəklər?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR