Bakıda Xəzəryanı Dövlətlərin Liman Rəhbərlərinin görüşü keçirilir

Bakıda Xəzəryanı Dövlətlərin Liman Rəhbərlərinin görüşü keçirilir
# 07 noyabr 2013 14:55 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birgə təşkilatçılığı ilə Xəzəryanı Dövlətlərin Liman Rəhbərlərinin növbəti görüşü başlayıb.

ARDDA mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iki gün davam edəcək tədbirdə Azərbaycan, Rusiya, Qazaxıstan, İran və türkmənistan nümayəndələri iştirak edir. Görüşün məqsədi Xəzəryanı dövlətlərin limanlarının fəaliyyətində səmərəliliyin və nəqliyyat dəhlizləri üzrə dəniz nəqliyyatı ilə daşınan yüklərin həcminin daha da artırılması, bu istiqamətdə birgə fəaliyyətin inkişaf etdirilməsi perspektivləri üzrə müzakirələrin aparılmasıdır.

Tədbir çərçivəsində Xəzəryanı Dövlətlərin Liman Rəhbərləri ARDDA-nın Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyəti ilə tanış olublar. ARDDA-nın rəis müavini Şahlar Məmmədov tərəfindən Milli Mərkəzin funksiyaları və Uzaq Məsafədən Tanınma və İzləmə Sistemi üzrə gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi üzrə Milli Mərkəzin imkanları barədə tədbir iştirakçılarına geniş məlumat verilib, Xəzəryanı dövlətlərin müvafiq strukturları ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov çıxışında bildirib ki, son 5 ildə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafına 12 mlrd. manatdan çox investisiya qoyulub. Onun sözlərinə görə, nəqliyyat dəhlizlərinin inkişafı ölkələr arasında ticarət dövriyyəsinin daha da artmasına öz töhfəsini verəcək: “Bakı-Tiflis-Qars layihəsi tam işə düşdükdən sonra malların çatdırılma müddəti 3 dəfə azalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR