Nazir müavini: “Neqativ hallarla bağlı Təhsil Nazirliyinə daxil olan bütün müraciətlər araşdırılacaq və qısa zamanda həll ediləcək”

Nazir müavini: “Neqativ hallarla bağlı Təhsil Nazirliyinə daxil olan bütün müraciətlər araşdırılacaq və qısa zamanda həll ediləcək”
# 03 oktyabr 2013 11:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov 7-ci Beynəlxalq “Təhsil və Karyera” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı təhsil sahəsində bir çox istiqamətlərdə neqativ halların heç kəsə sirr olmadığını vurğulayıb. Hazırda da belə halların mövcud olduğunu deyən nazir müavini bunları deyib: “Təhsil Nazirliyinin bu cür halları yaxın 2-3 ay ərzində aradan qaldıra biləcəyini söyləmək sadəlövhlükdür. Təhsil naziri dəfələrlə fikir bildirib ki, təhsil sektorunda bütün neqativ hallarla mübarizə aparılacaq və bu prosesə artıq start verilib. Təhsil müəssisələrində müəllimlərin işə gəlməməsi və yaxud digər neqativ hallarla bağlı kimlərdəsə məlumat olduğu halda bu barədə Təhsil Nazirliyinə məlumat verməlidirlər. Neqativ hallar barədə media nümayəndələri da nazirliyə müraciət edə bilərlər. Söz verirəm ki, bütün neqativ hallarla bağlı Təhsil Nazirliyinə daxil olan faktlar araşdırılacaq və qısa zamanda kəsiyində həll ediləcək. Mən bir məqamı da deyə bilərəm ki, artıq may ayından etibarən əsaslı müraciətlər əsasında Təhsil Nazirliyi tərəfindən bir neçə qərarlar qəbul olunub, adlarını açıqlamaq istəmədiyim məktəblərdə müəllim və məktəb direktorları işdən azad olunub”.

Nazir müavini Təhsil Nazirliyinə daxil olan anonim xarakterli müraciətlərin araşdırılmasının mümkün olmadığını deyib. O vurğulayıb ki, bəzən daxil olan müraciətlər qeyri-dəqiq olduğundan hər hansı bir qərar verməyə əsas tapmaq olmur: “Hazırda Azərbaycanın təhsil sisteminin əhatə dairəsi tələbə, müəllim, şagirdlərlə və digərləri ilə birlikdə 1,6 milyona yaxındır. Təhsil Nazirliyinin Mərkəzi Aparatının işçilərinin sayı isə cəmi 147 nəfərdir. Ona görə də neqativ halların aradan qaldırılmasında vətəndaşlar bizə kömək etməlidirlər. Bəzi hallarda müraciət edənlə qarşı tərəf arasında sövdələşmə aparılır. Təhsil sahəsində sui-istifadə halları həmişə olacaq. Bizim əsas işimiz ondan ibarətdir ki, biz bu cür neqativ halların baş verməsinə yol verməyək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR