Azərbaycanın Tacikistandakı səfiri Tacikistan Teleradio Komitəsinin sədri ilə görüşüb - FOTO

Azərbaycanın Tacikistandakı səfiri Tacikistan Teleradio Komitəsinin sədri ilə görüşüb - <span style="color: red;">FOTO
# 09 yanvar 2014 16:23 (UTC +04:00)

Bakı - APA. Bu gün Tacikistan hökuməti yanında Televiziya və Radio Komitəsinin sədri Asadullo Rahmonovla Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənovla görüşüb.

Azərbaycanın Tacikistandakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşün əvvəlində səfir A.Həsənov A.Rahmonovu Yeni İl münasibətilə təbrik edib və ona işlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra səfir 2013-cü ilin müvafiq olaraq oktyabr və noyabr aylarında Azərbaycanda və Tacikistanda prezident seçkilərinin uğurla keçirilməsinə toxunaraq, bu dövrdə KİV-in fəal, vicdanlı və qərəzsiz mövqedən çıxış edərək peşəkar rol oynadığını qeyd edib.

Səfir ikitərəfli münasibətlərə toxunaraq, Azərbaycan və Tacikistanın dövlət başçıları arasında səmimi və mehriban münasibətlərin mövcudluğunu yüksək qiymətləndirib və bu səmimilik ruhunda qardaş ölkələr arasında bütün sahələrdə, o cümlədən tele-radio və KİV sahəsində dostluq və əməkdaşlıq əlaqələrinin müsbət müstəvidə dinamik inkişafını qeyd edib.

Daha sonra səfir 2013-cü ilin Azərbaycanda Heydər Əliyevin 90 illik yubileyi kimi qeyd olunduğunu diqqətə çatdıraraq bildirib ki, bu münasibətlə Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən silsilə tədbirlər Azərbaycandan gəlmiş 4 musiqi qrupunun (“Bakı”, “Aypara”, “Qarabağ”, Elnur Zeynalov və Səbinə Ərəbli) paytaxt Düşənbədə, Kurqan-Tubedə, Xoroqda, Şuqnan, Kulyab, Xocənd və Nurek şəhərlərində 13 konserti təşkil edilib, dahi bəstəkar Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası Tacikistan və Azərbaycan incəsənət ustalarının ifasında tamaşaçılara təqdim edilib və bunlar yerli tele-radio kanallarında işıqlandırılıb.

Bununla yanaşı, tərəflər bu sahədə əlaqələrin daha da genişlənməsini, peşəkar tele-radio, KİV nümayəndələrinin, jurnalistlərin, kinooperatorların qarşılıqlı səfərlərinin təşkil edilməsini, o cümlədən hər iki xalqın görkəmli tarixi şəxsiyyətləri olan Nizami Gəncəvi, Kamal Xocəndi, Məhsəti Gəncəvi və digər ictimai-siyasi xadimlər barədə birgə filmlərin çəkilişini, eləcə də tele-radio kanallarında qədim və zəngin mədəniyyətə və tarixə malik olan Azərbaycan və tacik xalqlarının siyasi-ictimai həyatına həsr edilmiş verilişlərin nümayiş etdirilməsinin vacibliyini qeyd ediblər.

Tərəflər Azərbaycan və Tacikistanın ayrı-ayrı TV kanalları arasında birbaşa əməkdaşlıq əlaqələrinin yaradılmasını vurğulayıblar.

Komitə sədri Tacikistan televiziya kanallarında Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, müasir sosial-iqtisadi inkişafı, həmçinin muğam musiqisi, müasir estrada mahnılarının, bununla yanaşı kino-video filmlərin nümayiş etdirilməsinə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR