Azərbaycanda GMO bitkilərin aşkarlanması üzrə monitorinqlər keçirilir

Azərbaycanda GMO bitkilərin aşkarlanması üzrə monitorinqlər keçirilir
# 12 dekabr 2013 08:47 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinin mütəxəssislərindən ibarət Ekspert Şurası tərəfindən Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran-Astara bölgələrində geni dəyişdirilmiş bitkilərin aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər keçirilib.

Monitorinqlər çərçivəsində Ekspert Şurasının üzvləri İcra Hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri, ərazi kənd təsərrüfatı idarələrinin mütəxəssisləri, Aqrar Elm Mərkəzinin regional bölmələri və elmi-tədqiqat institutlarının dayaq məntəqələrinin əməkdaşları və fermerlərlə görüşlər keçirib, qanunvericiliyin tələbləri haqqında geniş məlumatlar verilib. Mütəxəssislər bir sıra bitkilərin toxum materiallarından nümunələr götürərək sınaqların aparılması məqsədilə laboratoriyaya təqdim edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) geni modifikasiya olunmuş məhsulların təyini laboratoriyasında aparılmış sınaqlar nəticəsində nümunələrdən heç birində gen dəyişikliyi aşkar olunmayıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, «Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında» qanunun 21-ci maddəsinə görə, Azərbaycan ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR