Araz Əzimov: “Beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayı qaneedici deyil”

Araz Əzimov: “Beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayı qaneedici deyil”
# 17 mart 2014 08:52 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu "Beynəlxalq təşkilatlarda çalışan azərbaycanlıların I toplantısı"nda iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Onun sözlərinə görə, 90-cı illərdə ümid etmək olmazdı ki, Azərbaycan vətəndaşları beynəlxalq təşkilatlarda geniş miqyasda vəzifələrdə çalışacaq: “Hazırda beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayı o qədər də qaneedici deyil. Azərbaycan vətəndaşlarının bir-biri ilə əlaqə saxlaması beynəlxalq qurumlarda geniş imkanlar yaradır və bu çərçivədə çevik şəbəkənin yaradılması lazımdır. Mənim sözlərimi beynəlxalq mandatdan kənara çıxmaq kimi anlamayın, amma imkan daxilində belə əlaqələndirmə mümkündür. Məlumat mübadiləsi və əlaqələndirmədə birinci məqsəd Azərbaycanın marağına uyğun regional və trans-regional layihə təşəbbüslərini irəli sürmək və onların Azərbaycanda reallaşdırılmasına imkan yaratmaqdır. Daha bir məqsəd, yaxud təklif, beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayının artırılması üçün bir-birinə yardım etmək, təcrübələri bölüşmək, vakansiyalar olduğu zaman namizədliyini irəli sürməkdir. Bu, Azərbaycana ona görə lazımdır ki, Azərbaycan ölkə, dövlət, millət olaraq güclənir, inkişaf edir və beynəlxalq nüfuzu artırır".

Nazir müavini həmçinin qeyd edib ki, dünyada Azərbaycana qarşı çıxan müəyyən qüvvələr var və erməni təbliğatı bunlardan biridir: "Azərbaycan bütün imkanlardan istifadə edib öz mövqeyini düzgün çatdırır. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi beynəlxalq prinsiplər əsasında qurulub və əksər ölkə, təşkilatlar tərəfindən dəstəklənir. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və rəsmi Bakı ərazi bütövlüyü prinsipindən heç vaxt geri çəkilməyəcək".

Qaçqın və məcburi köçkünlərin məsələsinə toxunan A.Əzimov bildirib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri həll olunur, onlar üçün qəsəbələr salınır, lakin bu tədbirlər müvəqqətidir: “Dövlət onlara yardım edir, lakin məntəqələrin yaradılması məsələnin həlli kimi təqdim olunmamalıdır, bu müvəqqəti tədbirdir. Onların problemi yalnız öz torpaqlarına qayıtması ilə həll olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR