Aktauda Azərbaycanın ölkədən kənarda ilk Logistik Mərkəzi yaradılır - FOTO

Aktauda Azərbaycanın ölkədən kənarda ilk Logistik Mərkəzi yaradılır - <span style="color: red;">FOTO
# 28 iyun 2014 14:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Qazaxıstanın Aktau şəhərində səfərdə olub.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkəmizdən kənarda ilk olaraq yaradılan Aktau İstehsal və Logistika Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

Təməlqoyma mərasimində çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslandığını, xalqlarımızı ümumi tarixi köklərin birləşdirdiyini vurğulayıb. Şahin Mustafayev müasir texnologiya və avadanlıqların tətbiqinin, rəqabət qabiliyyətli məhsul istehsalının, ixracın şaxələndirilməsinin və qeyri-neft məhsullarının ixracının artırılmasının prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu layihə hər iki ölkənin qeyri-neft sektorunun inkişafına, regionun tranzit və ixrac imkanlarının genişləndirilməsinə, ölkələrarası iqtisadi münasibətlərin daha da gücləndirilməsinə, ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyini dilə gətirən Şahin Mustafayev layihənin Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq yük daşımalarının artımı baxımından da əhəmiyyətli olacağını qeyd edib.

Nazir həmçinin bildirib ki, İstehsal və Logistika Mərkəzi Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və digər ərzaq məhsullarının bu mərkəz vasitəsilə Qazaxıstana, həmçinin Qazaxıstanda istehsal olunan malların ölkəmizə ixracı üçün əlverişli şərait yaradacaq: “Layihənin birinci mərhələsinin dəyəri 20 milyon ABŞ dollarıdır. Layihənin reallaşdırılmasında İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ayrılmış Azərbaycan dövlətinin uzunmüddətli güzəştli kreditlərindən istifadə olunub. Layihənin növbəti mərhələsində İstehsal və Logistika Mərkəzində çeşidləmə və qablaşdırma infrastrukturunun, istehsal və emal müəssisələrinin yaradılması nəzərdə tutulur”.

Daha sonra tədbirdə çıxış edən “Azərsun Holdinq”in prezidenti Abdulbari Gözal logistika sahəsində “Azərsun Holdinq”in böyük təcrübəyə malik olduğunu bildirib və şirkət Aktauda İstehsal və Logistika Mərkəzinin tikintisi layihəsinin icrasını və mərkəzin idarə edilməsini uğurla həyata keçirəcəyini vurğulayıb.

Qazaxıstanın Mangistau vilayətinin akimi Alik Aydarbayev çıxışında Aktau İstehsal və Logistika Mərkəzi layihəsinin Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıb. Akim Bakıda olarkən “Azərsun Holdinq”in istehsal müəssisələrində qabaqcıl təcrübə və texnologiyaların tətbiqinin şahidi olduğunu xatırladıb, layihənin yüksək səviyyədə icra olunacağına əminliyini qeyd edib.

Sonra İstehsal və Logistika Mərkəzinin təməli qoyulub, tikintisinə start verilib.

Həmin gün Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Qazaxıstanın Mangistau vilayəti Akimliyinin təşkilatçılığı ilə Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, qida sənayesi, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak edib.

Biznes forumda çıxış edən Şahin Mustafayev Azərbaycan və Qazaxıstan arasında əlaqələrin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini, ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişlənməsində dövlət başçılarının mütəmadi görüşlərinin böyük əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, indiyədək iki ölkə arasında müxtəlif sahələrdə 100-dən çox, o cümlədən iqtisadi sahədə 25 sənəd imzalanıb. 2002-2013-cü illərdə Qazaxıstan tərəfindən Azərbaycanda əsas kapitala 5,2 mln. ABŞ dolları məbləğində investisiya qoyulub. Azərbaycan tərəfindən Qazaxıstana yatırılan birbaşa investisiyaların həcmi isə 2011-2013-cü illər ərzində 132,8 mln. ABŞ dolları təşkil edib. 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 371 mln. ABŞ dollarına yaxın olub. 2014-cü ilin əvvəlinə Azərbaycanda Qazaxıstan sərmayələri əsasında ticarət, nəqliyyat, sənaye, kənd təsərrüfatı, xidmət, bank, sığorta, rabitə və tikinti sahələri üzrə aktiv 52 şirkət qeydiyyata alınıb. Qazaxıstanda isə sənaye, tikinti, kənd təsərrüfatı və ticarət sahələri üzrə Azərbaycan investisiyalı 723 şirkət qeydiyyatdan keçib.

Biznes forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Mangistau vilayətinin Sahibkarlar Palatası arasında anlaşma memorandumu imzalanıb.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR