Azərbaycanda nağdsız ödənişlərin artırılması ilə bağlı tədbirlər mərhələli şəkildə həyata keçiriləcək

Azərbaycanda nağdsız ödənişlərin artırılması ilə bağlı tədbirlər mərhələli şəkildə həyata keçiriləcək
# 23 may 2013 09:53 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün lazımi işlər görülür. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, ölkə prezidentinin tapşırığına uyğun olaraq, bununla əlaqədar olaraq Vergilər Nazirliyi ilə birlikdə paket sənədlər hazırlanaraq hökumətə təqdim edilib: «Hazırda bu məsələ iqtisadi qurumlar arasında aktiv müzakirə olunur. Burada nağdsız ödənişlərin artırılması, stimullaşdırılması və digər məsələlər nəzərdə tutulub. Bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcək. Hesab edirik ki, bütün bu işlərin nəticəsi olaraq iqtisadiyyatda nağd ödənişləri əhəmiyyətli dərəcədə məhdudlaşdıra biləcəyik», - deyə E.Rüstəmov bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl AMB sədrinin I müavini Alim Quliyev də bu məsələyə toxunaraq bildirib ki, Azərbaycanda nağdsız ödənişlərin inkişafı və nağd ödənişlərin məhdudlaşdırılması istiqamətində işlər aparılır və müvafiq təkliflər paketi hökumətə təqdim edilib.

Təkliflərdə bir sıra stimullaşdırıcı, inzibati və nağd ödənişlərin məhdudlaşdırılması ilə bağlı tədbirlər əksini tapıb. Belə ki, stimullaşdırıcı tədbirlər sırasında ən vacibi kimi nağdsız ödənişlərdə vergi güzəştlərinin tətbiqini qeyd etmək olar. Bundan başqa, inzibati tədbir kimi ölkədəki bütün təsərrüfat subyektlərində, o cümlədən həm dövlət, həm də özəl müəssislərdə əmək haqlarının yalnız plastik kartlarla ödənilməsi təklif olunur. Həmçinin təklif edilir ki, ölkə daxilində nağd ödənişlərin məbləği və məqsədləri üzrə məhdudiyyətlər tətbiq olunsun. İnkişaf etmiş ölkələrdə belə məhdudiyyətlər mövcuddur və onlar həmin məhdudiyyətlərə düşən ödənişlərin ya plastik kartlarla, ya digər nağdsız vasitələrlə həyata keçirilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR