Səlim Müslümov: “Azərbaycanda doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir”

Səlim Müslümov: “Azərbaycanda doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir”
# 19 iyun 2016 11:20 (UTC +04:00)

Bakı-APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Nobel Sülh Mükafatı Laureatı professor Məhəmməd Yunusla görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov M.Yunusun dünya miqyasında sülhün və davamlı tərəqqinin təbliği, mikromaliyyənin və sosial biznesin inkişafı sahəsində xidmətlərinin ölkəmizdə də daim yüksək dəyərləndirildiyini söyləyib.

Sosial inkişaf kursunun demoqrafik sahədə də müsbət meyllərə şərait yaratdığını vurğulayan S.Müslümov əhalinin 1,2 faizlik illik artım göstəricisinə görə Avropa məkanında ilk yeri tutan Azərbaycanda doğulanların sayının ölənlərin sayını 3 dəfədən çox üstələdiyini, gözlənilən ömür uzunluğu göstəricisinin isə ildən-ilə artaraq 2015-ci ildə 74,2 yaşa çatdığını qeyd edib. Əmək və əhalinin sosial müdafiəsi naziri bildirib ki, son illərdə dünya iqtisadiyyatında baş verən proseslər biznesin sosial məsuliyyəti, xüsusən özəl sektorun fəaliyyətində iqtisadi mənfəətlə yanaşı, ictimai rifah, ümumi inkişafa dəstək amilinin də ön plana çəkilməsi məsələsini aktuallaşdırıb. Görüşdə aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, dövlətin maliyyə dəstəyi ilə işsiz vətəndaşların özünüməşğulluğunun təşkili yönündə aparılan işləri diqqətə çatdırıb. S.Müslümov bu işlərin aztəminatlı ailələrin kiçik ailə təsərrüfatlarını, biznes sahələrini formalaşdırmalarına imkan yaradacağını bildirib.

M.Yunus Azərbaycanda sosial-iqtisadi inkişaf proseslərində sosial amilin daim diqqətdə saxlanılmasının, biznes mühitində sosial məsuliyyətin güclənməsi yönündə müsbət meyllərin təqdirəlayiq olduğunu vurğulayıb, sosial biznesi ümumi inkişaf üçün əsas şərtlərdən biri kimi xarakterizə edib. A. Yunus bu istiqamətdə respublikamızda aparılan işlərə həmişə dəstək verməyə hazır olduğunu bildirib. Daha sonra M.Yunusin “Sosial Biznes-İnkişaf üçün əsas yol” mövzusunda fikirləri dinlənilib, mövzu ilə bağlı qarşılıqlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR