"Snam S.p.A"nın rəhbəri: "TAP-ın bəzi səhmdarları bizə öz paylarını satmaqda maraqlıdır"

"Snam S.p.A"nın rəhbəri: "TAP-ın bəzi səhmdarları bizə öz paylarını satmaqda maraqlıdır"
# 14 iyul 2015 15:28 (UTC +04:00)

Bakı - APA-Economics. Trans-Adriatik Təbii Qaz Boru Xəttinin (TAP) bəzi səhmdarları öz səhmlərini İtaliyanın "Snam S.p.A." Qrupuna satmaqda maraqlıdır.

"APA-Economics" xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzetinə müsahibəsində "Snam S.p.A." baş icraçı direktoru Karlo Malakarne deyib.

Onun sözlərinə görə, TAP-da 20% səhmin qiyməti təqribən 400 mln. dollardır və bu qiymət hazırkı bazar qiymətinə tam uyğundur.

Xatırladaq ki, bir müddət öncə K. Malakarne "Reuters"ə müsahibəsində bildirib ki, şirkət iyun ayından etibarən TAP-da 20% səhm almaq üçün müvafiq qiymətləndirmə işlərinə başlayıb.

İtaliyaya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev isə bəyan edib ki, Azərbaycan tərəfi "Snam S.p.A." Qrupunun TAP-da pay sahibi olmasına etiraz etmir.

TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR