Bakıda transplantoloqların II Beynəlxalq Konqresi başlayıb

Bakıda transplantoloqların II Beynəlxalq Konqresi başlayıb
# 01 iyun 2016 07:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Bakıda orqan və toxumaların köçürülməsinin aktual problemlərinə həsr olunmuş II Beynəlxalq Konqresin açılış mərasimi olub.

APA-nın xəbərinə görə, konqres Azərbaycan Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantasiya Dərnəyinin (TDTD) birgə təşkilatçılığı ilə keçirilir. Türkiyə Transplantasiya Cəmiyyətinin sədri, Başkent Universitetinin və klinikasının qurucusu və rəhbəri, professor Mehmet Haberal çıxış edərək, I Beynəlxalq Konqresin ötən il Astana şəhərində 400-dən artıq nümayəndənin iştirakı ilə keçirildiyini xatırladıb.

III Beynəlxalq Konqresin 2017-ci ildə Ankarada keçiriləcəyini qeyd edən M. Haberal əlavə edib ki, Bakıdakı tədbirə ABŞ, İngiltərə, Avstraliya, Kanada, Livan, İordaniya, Misir, İran, Türkiyə, Orta Asiya dövlətlərindən və Azərbaycandan 500-ə qədər nümayəndənin qatılması gözlənilir: “Konqresdə Dünya Transplantasiya Cəmiyyətinin sədri professor Filipp O´Conelli və digər görkəmli alimlər dəvətli qonaqlar arasındadır. Bu konqres Azərbaycanda orqan nəqlinin inkişafına böyük təkan verəcək. Kadr və sosial-hüquqi qaydaların hazırlanmasında, orqan bağışlanması (meyit orqanlarının nəqli) sahəsində mühüm rol oynayacaq”.

Tədbirdə qeyd olunub ki, iki gün davam edəcək konqresdə transplantologiyanın müxtəlif problemlərinə həsr olunmuş çıxışlar dinləniləcək, plenar iclaslarda diskussiyalar aparılacaq, elmi-praktik seminarlar keçiriləcək.

Qeyd edək ki, Türkiyə, Azərbaycan və Orta Asiya dövlətlərinin transplantoloqlarının, nefroloqlarının, cərrahlarının daxil olduğu TDTD 2014-cü ildə professor M. Haberal tərəfindən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR