BNA: 200 sürücünün işsiz qalmasında günahkar "Xaliq Faiqoğlu" MMC-nin rəhbərliyidir - YENİLƏNİB

BNA: 200 sürücünün işsiz qalmasında günahkar "Xaliq Faiqoğlu" MMC-nin rəhbərliyidir - <span style="color: red;">YENİLƏNİB
# 11 iyun 2016 16:11 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı Nəqliyyat Agentliyinin (BNA) 16, 18 və 96 saylı marşrut xətlərinin ləğv edilməsi ilə bağlı qərarı sırf yollarda optimallaşdırma tədbirlərinin aparılması ilə əlaqədardır.

Bu barədə "APA-Economics"ə BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

"Qərar qəbul olunan zaman bəzi xətlərin təkrarlanması, sərnişinlərin tələbatı və onların məmnunluğu kimi amillər nəzərdən keçirilib. Konkret olaraq "Xaliq Faiqoğlu" MMC ilə bağlı bizim əlimizdə digər daşıyıcıların, habelə sərnişinlərin konkret şikayətləri var. Şikayətlərdə şirkətə məxsus avtobusların sürücülərinin kobud qayda pozuntuları, avtobusların müasir standartlara cavab verməməsi qeyd edilib. Hər şey heç də qarşı tərəfin iddia etdiyi kimi deyil. Adıçəkilən şirkətin nümayəndəsi bildirir ki, avtobusları standartlara cavab verir. Bakı Nəqliyyat Agentliyi adıçəkilən şirkətə 18 saylı marşrut xəttində istismar olunan avtobuslarla bağlı xəbərdarlıq etdikdən sonra onlar həmin gecə ərzində 61 saylı marşrut xəttində istismar olunan avtobuslarla əvəzləndi. Başqa sözlə, şirkət Əlinin papağını Vəlinin başına qoyub. Bakı Nəqliyyat Agentliyi bütün məsələləri hüquq çərçivəsində həll edib", - deyə qurum rəsmisi qeyd edib.

N. Allahyarova əlavə edib ki, sürücülərin işsiz qalmaması üçün 16, 18 və 96 saylı marşrut xətlərinin ləğv olunması ilə bağlı qərar verilməzdən öncə adıçəkilən şirkətə iki alternativ xətt təklif olunub, lakin şirkət rəhbərliyi onlardan imtina edib: "Şirkət rəhbərliyi iki alternativ xəttdən imtina edərkən bildirib ki, onlar üçün 18 və 96 saylı xətlər daha maraqlıdır. Səbəb də rentabelliklə izah olundu. Halbuki, bizim təklif etdiyimiz xətlər də rentabellidir. Sürücülərinin işsiz qalmasından narahat olan şirkət iki alternativ xəttin işlədilməsinə razılıq verə bilərdi".

İşsiz qalan sürücülərin aqibətinə gəlincə, qurum rəsmisi bildirib ki, hazırda peşəkar sürücülərə olduqca böyük tələbat var və onlar sərnişindaşıma ilə məşğul olan digər şirkətlətrə müraciət edə bilərlər.

SAAT 14:43

Bakı - APA-Economics. Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə ləğv edilən 16, 18 və 96 saylı marşrut xətləri ilə hərəkət edən avtobusların sürücüləri etiraz aksiyası keçiriblər.

"APA-Economics" xəbər verir ki, sürücülər işə bərpa olunmalarını tələb edirlər. Aksiya xətlərin artıq sabiq sahibi olan "Xaliq Faiqoğlu" MMC-nin qarşısında keçirilib.

"Xaliq Faiqoğlu" MMC-nin direktorunun müavini Fizuli Sadıqov "APA-Economics"ə açıqlamasında aksiyanın keçirildiyini təsdiqləyib: "Sürücülər haqlı olaraq işə bərpa olunmasını tələb edirlər. Bilirsiniz ki, Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarından sonra bizim 50 avtobusumuz xətlərdən çıxarılıb və hazırda qarajdadır. Beləliklə, 200-ə yaxın sürücü işsiz qalıb. İndi onlar bizdən tələb edirlər ki, onları işə bərpa edək. Necə və hara bərpa edək? Sağ olsun bəzi qurumların rəhbərləri: onların gördüyü işin nəticəsidir ki, 200 nəfər işsiz qalıb. Bu boyda skandal kimə lazım idi? 2005-ci ildən o avtobuslar xətdə işləyir".

Şirkət rəsmisi deyir ki, BNA bu addımı "BakuBus" MMC-nin işini asanlaşdırmaq üçün atıb: "İllərdir 18 saylı marşrut xətti ilə bizim avtobuslar hərəkət edirdi. Bakı Nəqliyyat Agentliyi həmin marşruta "BakuBus"ın 7 saylı avtobuslarını buraxdı. Bundan başqa, 96 saylı marşrut xətti də bizə məxsusdur və illərdir fəaliyyət göstərir. Yenə də həmin marşruta "BakuBus"ın 14 saylı avtobusları buraxıldı. "BakuBus"a məxsus 2 saylı marşrut xətti üçün bizim 65 saylı marşrut xəttini sıradan çıxardılar. Səbəb bəllidir: biz "BakuBus" MMC-nin pul yığmağına mane oluruq. Düşünmürlər ki, avtobusların alınmasına milyonlarla pul xərcləmişik! Düşünmürlər ki, şirkətimizdən yüzlərlə insan ailəsinə çörək pulu aparır! İndi də "BakuBus" pul yığa bilmir deyə-deyə düşüblər şirkətlərin canına. Məqsəd odur ki, bazarda sırf "BakuBus" qalsın. Halbuki, biz bütün tələbləri çoxdan yerinə yetirmişik, hətta "BakuBus" fəaliyyətə başlamayandan. Təkcə kart sisteminə keçid üçün 421 min dollar xərc çəkmişik".

F. Sadıqov əlavə edib ki, şirkətin avtobus parkının müvafiq standartlara cavab verməməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Gəlib, özünüz baxa bilərsiniz. Bizim parkımız olduqca müasirdir. Üstəlik, burada işlər davam etdirilir".

O əlavə edib ki, şirkət parkın yenilənməsinə külli miqdarda xərc çəkib: "Bizim hazırda bir neçə banka 20 milyon manata yaxın kredit borcumuz var. Avtobuslarımız işləmədikcə, kreditin ödənişində də problemlər yaranacaq. Bunları düşünən yoxdur".

Şirkətin ümumilikdə 14 marşrut xətti var və F. Sadıqov hesab edir ki, bu gedişlə, onların sayı azalmaqda davam edəcək. "Bizim 250-ə yaxın avtobusumuz var. Hazırda fəaliyyətsiz (bağlanan marşrut xətlərindəkilər - red.) olan avtobusları mövcud xətlərə buraxmaq da düzgün deyil, çünki xaos yarana bilər", - deyə o qeyd edib.

Xatırladaq ki, aparılan optimallaşdırma və təkmilləşdirmə işləri ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyində (BNA) şəhər nəqliyyatının müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. Görüş əsnasında qanunvericilikdən irəli gələn və BNA tərəfindən hazırlanan Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməyən daşıyıcılarla bağlı tədbir görüləcəyi sahibkarların diqqətinə çatdırılıb.

Təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun şəkildə bu gün, iyunun 9-dan etibarən 16, 18 və 96 saylı marşrut xətləri sözügedən tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğundan BNA tərəfindən xətdən çıxarılıb. Tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər mərhələli şəkildə davam edəcək.

Əlavə olaraq qeyd edilib ki, daşıyıcı şirkət standartlara və tələblərə cavab verən müasir avtobuslar təklif edərsə alternativ yeni xətlərdə həmin daşıyıcı şirkətlərin xidmətləri dəyərləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR