"Statoil" TAP-dakı payını satır

"Statoil" TAP-dakı payını satır
# 21 iyul 2015 08:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Norveçin "Statoil" şirkəti Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) layihəsindəki 20% səhmini satır.

"APA-Economics" "Reuters"ə istinadən xəbər verir ki, "Statoil" bununla bağlı bir neçə şirkətlə danışıqlar aparır.

Bildirilir ki, "Statoil"in payının alınmasında "Snam S.p.A." Qrupu maraqlıdır.

Xatırladaq ki, "Snam S.p.A." baş icraçı direktoru Karlo Malakarne bildirib ki, TAP-ın bəzi səhmdarları öz səhmlərini italyan şirkətinə satmaqda maraqlıdır.

Onun sözlərinə görə, TAP-da 20% səhmin qiyməti təqribən 400 mln. dollardır və bu qiymət hazırkı bazar qiymətinə tam uyğundur.

Xatırladaq ki, bir müddət öncə K. Malakarne "Reuters"ə müsahibəsində bildirib ki, şirkət iyun ayından etibarən TAP-da 20% səhm almaq üçün müvafiq qiymətləndirmə işlərinə başlayıb.

İtaliyaya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev isə bəyan edib ki, Azərbaycan tərəfi "Snam S.p.A." Qrupunun TAP-da pay sahibi olmasına etiraz etmir.

TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.

TAP-da səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR