Bakıda «Heydər Əliyev və Azərbaycan kinosu» mövzusunda konfrans keçirilib

Bakıda «Heydər Əliyev və Azərbaycan kinosu» mövzusunda konfrans keçirilib
# 04 may 2013 12:19 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Bu gün Bakıda «Nizami» Kino Mərkəzində «Heydər Əliyev və Azərbaycan kinosu» mövzusunda konfrans keçirilib. APA-nın verdiyi məlumata görə, konfransda kino xadimləri, xalq artistləri, mədəniyyət işçiləri, aktyorlar iştirak ediblər.

Çıxış edən kinorejissor, Azərbaycan Dövlət Film Fondunun direktoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev Azərbaycan kinematoqrafçılarının yaradıcılığının reallaşmasında, layihələrin işıq üzü görməsində, ümumən kinonun inkişafında Heydər Əliyevin xidmətlərindən danışıb. Onun sözlərinə görə, H.Əliyevin dəstəyi nəticəsində hələ SSRİ dövründə Azərbaycan kinosunun 60 illik yubileyinin keçirilməsi ilə bağlı kino işçilərinə fəxri adlar verilib, «Azərbaycanfilm»də müxtəlif vaxtlarda çəkilmiş və sovet idealogiyasına tam cavab vermədiyi üçün ekranlara buraxılmamaq təhlükəsi yaşayan filmlərin taleyini həll olunub.

C.Quliyev həmçinin H.Əliyevin 2000-ci ildə imzaladığı sərəncamila hər il avqustun 2-si Azərbaycan kinosu günü kimi qeyd olunduğunu, «Şəhərin yay günləri» pyesinin ekranlaşdırıldığını, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şəxsiyyətinin üzə çıxarılması və onun haqqında «Uzaq sahillərdə» filminin çəkilməsi ideyasının ona məxsus olduğunu söyləyib.

Çıxış edənlər H.Əliyevin kino sahəsindəki digər xidmətlərindən danışıblar.

Sonda xalq artisti, kinorejissor Vaqif Mustafazadənin Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən «Xüsusi təyinat» sənədli filmi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR