Nobel mükafatçısı: “Azərbaycan yoxsulluğun sıfır səviyyəsinə endirilməsi hədəfinə çox yaxındır”

Nobel mükafatçısı: “Azərbaycan yoxsulluğun sıfır səviyyəsinə endirilməsi hədəfinə çox yaxındır”
# 20 iyun 2016 10:55 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü, ADA və İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Bakıya səfər etmiş Nobel mükafatı laureatı Məhəmməd Yunusun “Kasıbların bankiri” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, təqdimatı giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bildirib ki, “Kasıbların bankiri” kitabının Azərbaycan dilinə tərcümə edilməsi əlamətdar hadisədir: “Bu kitabı oxuyan hər kəs həyatında dəyişikliyə ehtiyac hiss edəcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli qeyd edib ki, artıq bir neçə ildir Azərbaycanda Nobel mükafatçıları ilə görüşün səmərəli ənənəsi mövcuddur. Onun sözlərinə görə, Nobel mükafatçıları ilə görüşlər dünyanın ən mühüm nailiyyətlərinin Azərbaycana gətirilməsi və ölkənin irəli aparılması kimi ali məqsədə xidmət edir: “Məhəmməd Yunusla görüş və onun kitabının təqdimatı mövcud ənənənin davamıdır. “Kasıbların bankiri” kitabı yoxsulluqdan xilas olmaqda, cəmiyyətin çətinlikdən işıqlığa doğru inkişafında insan amilinin maliyyə faktorundan üstün olması fikrini formalaşdırır. Bu kitab insan iradəsinin manifestidir. Dərin insanlıq sevgisi, özünəinam, maarifçilik, böyük ümidlər “Kasıbların bankiri” kitabından çıxarılan əsas nəticələrdir”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, M. Yunusu unikal edən, ona Nobel qazandıran ən böyük üstünlüyü dəyişikliyə inamı olub: “Siz bankların kasıb insanlarla işləyə biləcəyinə, Banqladeş cəmiyyətinin aşağıdan dəyişəcəyinə inanmısınız. Azərbaycanı da bugünkü inkişaf səviyyəsinə gətirən həmin inamdır. 90-cı illərdə çoxsaylı sınaqlardan keçən Azərbaycan bu gün dünya səviyyəli tədbirlərə ev sahibliyi edir. Kasıblıq və işsizlik dəfələrlə aşağı salınaraq 5%-dən aşağı səviyyəyə endirilib”.

Kitabının Azərbaycan dilinə tərcüməsindən məmnun olan M. Yunus Azərbaycan xalqının və ictimaiyyətinin yoxsulluğun azaldılması istiqamətindəki addımlarını yüksək qiymətləndirib: “Hər birimiz yoxsulluğun sıfır səviyyəsinədək endirilməsini arzu edirik. Azərbaycan bu hədəfə çox yaxındır”.

Sonda M. Yunusa BAMF-ın ali mükafatı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR