Xanlar Vəliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin köməkçisi ilə görüşüb

Xanlar Vəliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin köməkçisi ilə görüşüb
# 03 iyun 2016 14:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin hüquq məsələləri üzrə köməkçisi, general-mayor Hayrettin Kaldırımcının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın işğal olunan ərazilərində aprelin əvvəllərində erməni hərbi birləşmələrinin Silahlı Qüvvələrimizin cəbhəboyu mövqelərini artilleriya qurğularından kimyəvi tərkibli mərmilərdən istifadə edərək intensiv atəşə tutmaqla beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı törətdiyi cinayətlər, həmçinin hərbçilərimizin yüksək döyüş hazırlığı sayəsində erməni təxribatının qarşısının qətiyyətlə alması qonaqların diqqətinə çatdırılıb.

X.Vəliyev görüş zamanı həmçinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu, əsir düsmüş şəxslərə işgəncə verilməsi, terror və erməni silahlı qüvvələrinin digər cinayət əməlləri nəticəsində azərbaycanlıların soyqırıma məruz qaldığını, törədilmiş bu ağır cinayətlərin istintaqının Hərbi Prokurorluq tərəfindən aparıldığını bildirib.

General-mayor Hayrettin Kaldırımcı Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirərək, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq və hüquq mühafizə orqanları sahəsində də uğurla inkişaf etdiyini xüsusi vurğulayıb. Nümayəndə heyətinin rəhbəri Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən tədbirlərdən məmnunluğunu ifadə edib. Qonaq Türkiyənin Silahlı Qüvvələrində hərbi-hüquq qaydaları və məhkəmə sistemi barədə məlumat verərək islahatların aparıldığını bildirib, təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini söyləyib, bu münasibətlərin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyini qeyd edib.

Türkiyəli qonaqlar Respublika Hərbi Prokurorluğunun inzibati binası ilə tanış olub, hərbi prokurorluğun binasında yaradılmış Memorial Soyqırımı muzeyini ziyarət ediblər. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin hüquq məsələləri üzrə köməkçisi, general-mayor Hayrettin Kaldırımcı muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Nümayəndə heyətinə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini, azərbaycanlı əhalinin soyqırıma məruz qalmasını əks etdirən kitablar və videomateriallar təqdim olunub.

Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin hərbi ataşesinin köməkçiləri polkovnik Ahmet Yüce və polkovnik-leytenant Serkan Virlan görüşdə iştirak edib.

Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR