İsrail Livanın cənubunda fəaliyyət göstərən “Hizbullah” təşkilatının atəşkəs şərtlərini pozduğunu iddia edib.
APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Bundan əvvəl, avqustun 15-də İsrail ordusu Livanın cənubundakı Nabatiyə şəhəri və Ənsar qəsəbəsi ətrafında “Hizbullah”ın infrastrukturuna zərbələr endirdiyini açıqlayıb. İsrail ordusunun məlumatına görə, zərbələr “Hizbullah” silahlı dəstələrinin Livanın cənubundakı Əli ət-Tahir dağ silsiləsi ərazisində İsrail hərbçilərinə qarşı həyata keçirdiyi hücuma cavab olaraq endirilib.
Netanyahunun ofisindən bildirilib ki, “Hizbullah” həmin gün səhər saatlarında İsrail hərbçilərinə hücum etməklə Livandakı atəşkəs rejimini pozub.
“Hadisə nəticəsində üç hərbçimiz ağır yaralanıb. İsrail Müdafiə Ordusu hücuma əmr verilən “Hizbullah” qərargahına zərbə endirməklə cavab verib”, - deyə açıqlamada qeyd olunub.