Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti Tarix İnstitutunda olub

Çin İctimai Elmlər Akademiyasının nümayəndə heyəti Tarix İnstitutunda olub
# 27 may 2016 18:07 (UTC +04:00)

Bakı-APA. Mayın 26-da Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda olub.

Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycan və Çin arasında əlaqələrin tarixindən söz açıb: “Azərbaycan Qərb ilə Şərq arasında qızıl körpü rolunu oynayıb”.

Daha sonra AMEA-nın müxbir üzvü Y.Mahmudov çinli qonaqlara Tarix İnstitutunun uğurları haqqında geniş məlumat verib: “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 may tarixli 2238 nömrəli sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı fəxri adı verilmişdir”. Görüşdə ÇİEA ilə Tarix İnstitutu arasında əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb.

ÇİEA-nın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yuntsüan çıxışında bildirib ki, hazırda institutun adında dəyişiklik baş verib və elmi müəssisənin adına Qafqaz sözü əlavə olunub: “Bu isə Çin və Azərbaycanın elmi müəssisələri arasında əməkdaşlığı genişləndirmək imkanı yaradır”. Görüşdə ÇİEA ilə AMEA-nın Tarix İnstitutu arasında əlaqələndirici olan tarixçi-alim Nərgiz Axundovanın “Azərbaycan və Çin mədəniyyətlərinin əlaqələri haqqında” (rusca) adlı kitabının təqdimatı keçirilib və qonaqlara Tarix İnstitutunun nəşrləri ilə birlikdə hədiyyə olunub. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

Daha sonra ÇİEA-nın İqtisadiyyat İnstitutunun direktoru Pey Çanxun, ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Van Ley, ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin “Avropa və Mərkəzi Asiya” bölməsinin müdiri Tszin Çje, AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) akademik katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva, tarixçi-alimlər Cəbi Bəhramov, İradə Bağırova və başqaları çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR