Rəbiyyət Aslanova: “Venesiya Komissiyası ilə fikir ayrılıqlarımız var”

Rəbiyyət Aslanova: “Venesiya Komissiyası ilə fikir ayrılıqlarımız var”
# 12 aprel 2013 11:02 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

R. Aslanovanın sözlərinə görə, Milli Məclis və Venesiya Komissiyası arasında qanunvericilik bazasının təkmilləşdirilməsi və hazırlanması sahəsində daimi əməkdaşlıq var. Qeyd olunan görüşlər də bu əməkdaşlıq çərçivəsində keçirilir.

Komissiya üzvlərinin Bakıya bu qanunla əlaqədar gəldiklərini söyləyən R. Aslanova bildirib ki, komissiya üzvləri ilə Milli Məclisdə keçirilən görüşdə də “Diffamasiya haqqında” qanunla bağlı bir sıra müddəalar ətrafında və sənədin nə vaxt qəbul olunacağı barədə xeyli müzakirə aparılıb: “Onların müəyyən təklifləri var. Məsələn, Azərbaycan tərəfindən onlara təqdim olunan variantda cərimələrin 30 min manata qədər olması, Cinayət Məcəlləsində qanundan irəli gələrək azadlıqdan məhrumetmənin nəzərdə tutulması və sair məqamlarla razılaşmırlar. Bizə bildirdilər ki, qanunun müəyyən hissəsi beynəlxalq standartlara uyğundur, müəyyən hissəsi isə uyğun deyil. Biz də onlara haqlı arqumentlərimizi çatdırdıq və bu halların şərəf və ləyaqətin, sağlamlığın qorunması ilə əlaqədar olduğunu, azadlıqdan məhrumetmə maddəsinin saxlanılmasının isə yalnız çəkindirici xarakter daşıdığını qeyd etdik. Hətta Fransa praktikasını da misal çəkdik, hansı ki orada şərəf və ləyaqətin təhqir olunması ilə əlaqədar jurnalistlər üçün 5 ilədək həbs cəzası var. Onlara izah etdik ki, mənəviyyatın alçaldılması, milli təhlükəsizlik məsələsi, sağlamlığa ziyan vurulması və sair sahədə məhdudlaşdırmalara müvafiq beynəlxalq konvensiya da əsas verir. Əgər jurnalist kimisə təhqir edirsə, yazıları ilə kiminsə sağlamlığına ziyan vuracaq addım atırsa, o zaman qarşı tərəfin tapdalanan hüquqları necə olsun? Onlar isə bizə qanunun əllərində olan variantını təqdim edib beynəlxalq praktikanı əsas gətirərək yenə də Cinayət Məcəlləsindən nəzərdə tutulan maddənin çıxarılmasının, cərimələrin azaldılmasının vacib olduğunu dedilər. Ümumiyyətlə, tək bu maddə ətrafında yox, qanunla bağlı bir sıra müddəalar ətrafında da bizim onlarla fikir ayrılıqlarımız var”.

R. Aslanovanın sözlərinə görə, bütün mübahisəli məqamlar yenə də açıq qalıb və Azərbaycan tərəfi Venesiya Komissiyasına son qərarını söyləməyib: “Hazırkı vəziyyət belədir ki, qanunun üzərində iş aparılmasına böyük ehtiyac var. Biz onların bizə irad tutduqları, yuxarıda qeyd etdiyim mövqelərinə də hələ qəti cavab vermədik. Fikrimiz odur ki, qanun layihəsi üzərində iş getsin, ictimai müzakirələrdən keçsin, sonra layihə Milli Məclisə daxil olsun və biz də onun üzərində öz işimizi gördükdən sonra parlamentin təşəbbüskarlığı ilə yenidən Venesiya Komissiyasına təqdim edək. Əvvəlki formada da qanun layihəsi Milli Məclis tərəfindən deyil, Mətbuat Şurası tərəfindən göndərilmişdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR