Azərbaycan xarici işlər nazirinin müavini braziliyalı həmkarını qəbul edib

Azərbaycan xarici işlər nazirinin müavini braziliyalı həmkarını qəbul edib
# 01 oktyabr 2014 13:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanda səfərdə olan Braziliya xarici işlər nazirinin əməkdaşlıq, mədəniyyət və ticarətin təşviqi məsələləri üzrə müavini Hadil Fontes da Roşa Viannanı qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, görüşdə X. Xələfov Azərbaycanla Braziliya arasında əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu, mədəniyyət, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb, habelə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini qeyd edib.

Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən müxtəlif irimiqyaslı layihələr haqqında məlumat verən X. Xələfov bu layihələrin region dövlətləri arasında əməkdaşlığın inkişafının və ticarət dövriyyəsinin artmasında rolunu önə çəkib.

Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında danışan nazir müavini münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu bildirərək BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini deyib.

H. Vianna isə Braziliyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələri dəstəklədiyini bildirərək, münaqişənin dialoq və qarşılıqlı anlaşma əsasında sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edib.

Artıq ikincə dəfədir Azərbaycana səfər etdiyini bildirən H. Vianna iki ölkə arasında münasibətlərin inkişafında səfirliklərin rolunu yüksək qiymətləndirib. İqtisadi böhrana baxmayaraq, Azərbaycanla Braziliya arasındakı ticarət dövriyyəsinin həcminin artdığını deyən qonaq ölkəmizin Braziliyanın etibarlı tərəfdaşı olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR