Azərbaycanda 4 dövlət qoruğunun ətrafında 3 km məsafədə yaşayış binalarının tikintisi qadağan edilib

Azərbaycanda 4 dövlət qoruğunun ətrafında 3 km məsafədə yaşayış binalarının tikintisi qadağan edilib
# 26 oktyabr 2014 17:25 (UTC +04:00)

Qoruqların ətrafındakı sanitar-mühafizə zonalarında faydalı qazıntıların çıxarılması və emalına, aqrokimyəvi maddələrdən istifadəyə icazə verilməyəcək

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən bu dövlət qoruqlarının torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən ediləcək.

Bu zonaların müəyyən edilməsi və rejim qaydaları “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunla müəyyən olunmuş formada həyata keçiriləcək. Qanuna əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3000 metrədək məsafədə müəyyən edilir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarında yeni yaşayış məntəqələrinin salınması, ekoloji təhlükə yaradan müəssisələrin, o cümlədən kimya, nüvə energetikası və metallurgiya sənayesi obyektlərinin yerləşdirilməsi və istismarı, geoloji kəşfiyyat işlərinin aparılması, faydalı qazıntıların çıxarılması və emalı, meşələrdə əsas istifadə qırıntısı, aqrokimyəvi maddələrdən və pestisidlərdən istifadə, yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası, ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən işlərin görülməsi qadağandır. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarına daxil edilmiş xüsusi mülkiyyətdə, bələdiyyə mülkiyyətində və (və ya) istifadədə olan əmlakdan servitut hüququ əsasında istifadə edilir.

Qeyd edək ki, Nazirlər Kabineti bundan əvvəl “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”yə də analoji məzmunda dəyişiklik edib. Beləliklə, ümumilikdə Azərbaycanda 4 dövlət qoruğunun ətrafında sanitar-mühafizə zonaları yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR