Tehran İran xalqının hüquqlarının müdafiəsi məsələsində qətiyyətli mövqe tutacaq.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian ABŞ-la aparılan son danışıqlardan danışarkən bildirib.
Onun sözlərinə görə, İran ABŞ-la anlaşmanın yekunlaşdırılması üçün bütün səylərini göstərəcək.
“Anlaşma qarşılıqlı fayda strategiyasına əsaslanmalıdır. Biz sülh, təhlükəsizlik və sabitliyi cəmiyyətə və regiona qaytarmağa çalışırıq”, – İran Prezidenti deyib.
O qeyd edib ki, İran Ali Milli Təhlükəsizlik Şurasının üzvlərinin əksəriyyəti ABŞ-la son danışıqlara razılıq verib.
Pezeşkian vurğulayıb ki, “əldə olunmuş razılaşmada İranın heç bir ləyaqəti itirilməyib” və ABŞ mərhələli şəkildə yerinə yetirməli olduğu öhdəlikləri öz üzərinə götürüb.
“İslamabad anlaşmasının heç bir bəndində öz prinsiplərimizdən geri çəkilməmişik”, – o əlavə edib.