İctimai birliyin banka qarşı şikayəti əsasında məhkəmə başlayıb

 İctimai birliyin banka qarşı şikayəti əsasında məhkəmə başlayıb
# 18 noyabr 2015 11:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Valideyn himayəsindən məhrum olmuş uşaqlara dayaq” İctimai Birliyinin “Kapital Bank” ASC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında tərəflər dinlənilib, məhkəmənin baxış iclası isə dekabrın 15-nə təyin edilib.

Qeyd edək ki, ictimai birlik hərəkətlərin qanunsuz hesab edilməsi, öhdəliklərin icrası və dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsinə müraciət edib. İctimai birlik dəymiş 10 min manat məbləğində ziyanın bankdan tutularaq birliyin xeyrinə ödənilməsini də məhkəmədən xahiş edib.

İddia ərizəsində göstərilib ki, bank hesabında pul olmasına baxmayaraq bank tərəfindən hesabdan pul çıxarılmasına, hər hansı bank əməliyyatı aparılmasına qadağa qoyulub. Nəticədə birliyin iş fəaliyyəti iflic vəziyyətə düşüb.

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi birliyin iddiasını qismən təmin edib. Məhkəmə öhdəliklərin icrasının təmin olunması barədə hissədə iddianı təmin edib. Digər hissələrdə isə iddia təmin olunmayıb. Lakin qərardan narazı qalan ictimai birlik apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR