Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyi barədə sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
APA xəbər verir ki, bu barədə Qətərin Beynəlxalq Media Ofisinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Taninin ABŞ və İranın razılığa gələ bilmədiyini söyləməsi barədə yayılan məlumatlar əsassızdır və yanıldıcı xarakter daşıyır.
Qurumun məlumatına görə, Qətər hökumətinin başçısının açıqlamaları müharibənin və regiondakı qeyri-sabitliyin davam etməsindən faydalanan qüvvələr tərəfindən sistemli şəkildə təhrif edilib. Bildirilib ki, saxta hesablar diplomatik səyləri pozmaq və gərginliyi daha da artırmaq məqsədilə bu iddiaları kütləvi şəkildə yayır.
“Əslində, Baş nazir hər iki tərəfin razılaşma əldə etmək üzərində işləməyə davam etdiyini təsdiqləyib”, – bəyanatda vurğulanıb.